Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən iyulun9-u və 11-də hərracların keçirilməsi ilə bağlı prosedurlara başlanılıb. İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə tutulub. 1999-2010-cu illərdə istehsal olunmuş müxtəlif marka və modelə sahib nəqliyyat vasitələrinin start satış qiymətləri 1000-4200 manat arasında dəyişir.
11 iyul 2024-cü il tarixdə keçiriləcək hərracda isə muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs hərracın şəffaf və rəqabətli mühitdə keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Hərraca çıxarılan əmlakların və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə “Şərq qapısı” qəzetinin 8 iyun 2024-cü il tarixli 22 (24.404)-ci sayı və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsi ilə tanış olmaq mümkündür.
Maraqlı şəxslər əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin “auksion.nmr.az” elektron portalından, “[email protected]” e-mail ünvanından və ya “@nmr_herracmerkezi” instagram hesabından ala bilərlər.
Qeyd edək ki, hərraca çıxarılan əmlaklar barədə elan hərrac gününə ən azı 30 gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.nakhchivan.az) yerləşdirilir, rəsmi mətbu orqanda bu barədə məlumat dərc olunur. Prosesdə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edərək qeydiyyatdan keçə, əmlakın ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər. Hərrac günü sifarişçilər Hərracların Təşkili Mərkəzinin yerləşdiyi inzibati binaya (Naxçıvan şəhəri, 8-ci küçə 1/5A) gəlməklə, hərracda iştirak etməlidirlər.