“Aİ-nin Şərq qonşuluğu” Regional kommunikasiya proqramının (EU NEIGHBOURS east) onlayn platformasında BMT-nin İqlim Dəyişiklikləri Çərçivə Konvensiyası Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına həsr olunmuş məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, “Avropa gənclərinin elçiləri” təşəbbüsü çərçivəsində dərc olunmuş yazıda Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində təşkil edilən və gəncləri qlobal iqlim fəaliyyətində fəal iştiraka təşviq edən bir sıra onlayn maarifləndirici tədbirlərdən bəhs edilir.
Məqalədə qeyd edilir: “İqlim dəyişikliyi ətrafımızda açıq-aşkar hiss edilir, insanları və ekosistemləri təhdid edir. COP Konfransı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri tərəfindən qərarların qəbulu mexanizmi kimi yaradılıb. Bu iqlim konfransları təkcə Çərçivə Konvensiyasını imzalayan 198 ölkənin deyil, həm də bir çox beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirir”.
Nəşr əvvəllər keçirilən konfranslardan, iqlim dəyişikliyi ilə mübarizədə əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan məqsədlərdən bəhs edir ki, bunlardan biri də Avropa İttifaqının 2050-ci ilə qədər dünyanın ilk iqlim-neytral iqtisadiyyatı və iqlim-neytral zonası olmaq qərarıdır.
Planet gənclərinin nə üçün ilk növbədə qlobal iqlim fəaliyyətində və iqlim dəyişikliyi ilə bağlı qərarların qəbulunda iştirak etməli olduğu sualına cavab verən məqalə müəllifləri vurğulayırlar: əgər qlobal istiləşməni 2 dərəcə Selsidə saxlamaq mümkün deyilsə, bunun nəticələrindən əziyyət çəkən gənclər, eləcə də gələcək nəsillər olacaq.
Nəşr, həmçinin Bakıda COP29-a hazırlıq çərçivəsində həyata keçirilən “EU NIGHBORS east” çərçivəsində gənclərinin təşəbbüslərindən, xüsusən də gənc mütəxəssislərə COP29-da BMT-nin yüksək səviyyəli iqlim liderliyi komandası ilə işləməyə kömək etmək üçün nəzərdə tutulmuş proqramdan bəhs edir.
Bildirilir ki, növbəti onlayn tədbir “Azərbaycan – COP29-un ev sahibi ölkəsi” mövzusuna həsr olunacaq və iyulun 1-də Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 21:00) baş tutacaq. İştirak etmək istəyənlər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Tədbir iştirakçıları Bakıda keçirilən COP29 iqlim sammiti, eləcə də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə uğurları və nailiyyətləri haqqında ətraflı məlumat əldə etmək imkanı əldə edəcəklər.