Ərəb ölkələrində geniş oxucu kütləsinə malik olan “Əl Ayn” nəşrinin elektron versiyasında jurnalist Mustafa Şabanın “Dubaydan Bakıya...Azərbaycanda keçiriləcək COP29 konfransı haqqında məlumatlar” sərlövhəli geniş məqaləsi dərc edilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə COP28-dən COP29-a qədər olan müddətdə istixana qazlarının emissiyasını azaltmaq üçün beynəlxalq fəaliyyətin və qlobal səylərin iddialı proqramlarla davam etdiyi, eyni zamanda, maliyyələşdirmə probleminin əsas mövzu olaraq qaldığı qeyd edilir.
Müəllif yazır ki, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi probleminin həlli baxımından həlledici olacaq. “Bakı konfransının iqlimlə bağlı problemlərin maliyyələşdirilməsi problemini həll edəcəyi gözlənilir. Belə ki, COP29 sessiyalarının fəaliyyəti maliyyə problemlərinin həllinə və COP28-də əldə edilən razılaşmaları tamamlamağa yönəldiləcək. Dubay konfransı başa çatana qədər maliyyə resursları 700 milyon dollardan çox olan Zərər Fondu ilə bağlı müzakirələr də aparılacaq. Beynəlxalq iqtisadi qurumların hesabatlarında iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrə dəstək üçün tələb olunan məbləğin 400 milyard dollardan 1 trilyon dollara qədər artırılacağı gözlənilir. Hökumətlər artıq razılaşıblar ki, yeni hədəf ildə minimum 100 milyard dollardan başlayacaq və ilk növbədə, inkişaf etməkdə olan ölkələrin ehtiyacları və prioritetləri nəzərə alınacaq”.
Məqalədə bildirilir ki, maliyyələşdirmənin əlçatan və sərfəli olması və inkişaf etmiş ölkələrin bu məqsədlər üçün daha çox vəsait ayırması COP29-un diqqət mərkəzində olmalıdır.
Mustafa Şaban daha sonra yazır: “Ötən ay keçirilən Bonn iqlim konfransı COP29 üçün kompas rolunu oynadı. BMT-nin iqlim üzrə rəhbəri Saymon Stil həmin tədbirdə bildirib ki, qlobal iqlim dəyişikliyinin şiddəti artdıqca, Bakıda “iddialı nəticələr əldə etmək üçün sıldırım dağa dırmaşmaq lazım gələcək”. O əlavə edib ki, maliyyələşdirmə səylərini sürətləndirməyə təcili ehtiyac var, həm də builki məsələlər gələn ilə qədər təxirə salına bilməz. Çünki iqlim böhranının hər bir ölkənin insanları və iqtisadiyyatları üçün fəsadları getdikcə pisləşir”.
Müəllif qeyd edir ki, 2009-cu ildən bəri sənayeləşmiş ölkələr inkişaf etməkdə olan ölkələrə hər il milyardlarla dollar vəsait ayırmağı vəd ediblər. Bu vədlər 2015-ci il Paris İqlim Sazişi fonunda artıb, amma onun icra müddəti 2025-ci ilə qədər uzadılıb. 2022-ci ildə 100 milyard dollarlıq baryerin keçilməsi isə mühüm nəticə sayıla bilər.
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev bütün ölkələri Bakıda keçiriləcək iqlim konfransına hazırlıqla bağlı anlayış və həmrəylik nümayiş etdirməyə çağırıb.
Müəllif daha sonra yazıb: “Hətta ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Bakıda keçirdiyi brifinqdə COP29-un iqlim dəyişikliyi ilə bağlı kritik təşəbbüsləri irəli sürmək baxımından mühüm fürsət olduğunu vurğulayaraq, ölkəsinin konfransa güclü dəstəyini ifadə edib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay keçirilən regional konfransda COP29-un əsas mövzularını açıqlayıb. Dövlət başçısı qeyd edib ki, onların arasında iqlim dəyişikliyinin mənfi nəticələrindən ciddi şəkildə təsirlənən kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli prioritet məsələlərdən biri olacaq. Bakı konfransında 2025-ci ildən sonra iqlim maliyyəsi üzrə yeni, konkret kollektiv hədəfin razılaşdırılması üzrə danışıqlar da aparılacaq”.
Jurnalist məqalənin sonunda yazıb: “Azərbaycan Prezidenti hesab edir ki, ölkəsinin bu mötəbər konfransa ev sahibliyi etməsi dünya ölkələri arasında körpülərin, etimad və həmrəyliyin qurulmasına töhfə verəcək. Azərbaycan Qlobal Cənubu təmsil edir və Qoşulmama Hərəkatına uğurla sədrliyi dövründə - 2019-2023-cü illərdə Avropa İttifaqı ölkələri ilə güclü əlaqələr qurub. Bakı, həmçinin Qlobal Cənub və Qlobal Şimal arasında iqlim dəyişikliyi ilə bağlı həmrəyliyi gücləndirməyə çalışacaq. Bütün bu fəaliyyətlər COP29-un uğurunun rəhni olacaq və Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verəcək. Bunu əvvəlcədən əminliklə bildirmək olar”.