Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfransı İordaniya mətbuatının diqqət mərkəzində olub
İordaniyanın gündəlik əsasda çıxan və ən çox oxunan mətbu orqanlarından olan “Əd-Dustur” qəzetində, “Ammon News” portalında (ərəb dilində), həmçinin “Əl-Ənbat”, “Oroba News”, “Əl-Urdun”, “Johina News”, “NBNJO” və “Nayrouz” nəşrlərinin internet səhifələrində “Azərbaycan yaşıl iqtisadiyyata doğru” sərlövhəli məqalə dərc olunub.
Azərbaycanın İordaniyadakı səfirliyindən NUHÇIXAN-a bildiriblər ki, məqalədə Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın “yaşıl” transformasiyaya nail olmaq üçün müxtəlif təbii ehtiyatlarından istifadə edir. 2022-ci ildə neft və qaz hasilatı Azərbaycanın ÜDM-nin təxminən 47,8 faizini və ixrac gəlirlərinin 92,5 faizini təşkil edib. Azərbaycan Hökuməti ölkədə bərpaolunan enerji sənayesini gücləndirməyə və onun neftdən asılılığını azaltmağa çalışır. “Yaşıl enerji” layihəsinin 2030-cu ilə qədər 1500 meqavatlıq bərpaolunan enerjinin quraşdırılması məqsədinə nail olmaq, “yaşıl enerji”ni təşviq etmək və elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 30 faiz artırmaq məqsədini daşıyır.
Yazıda, həmçinin vurğulanır ki, Azərbaycan Hökuməti neftdən asılılığını azaltmaq, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyata doğru irəliləmək üçün 2000-ci illərin ortalarında “təmiz enerji” strategiyasını həyata keçirməyə başlayıb. Bu dəyişiklik bir sıra mühüm təşəbbüslərlə dəstəklənib. Bunlardan biri 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradılması olub.
Diqqətə çatdırılıb ki, 2005-ci ildən etibarən Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına üstünlük verməyə başlayıb, ölkə hökuməti alternativ enerji mənbələrinin, o cümlədən külək, günəş və su elektrik enerjisini təşviq etmək üçün müxtəlif tədbirləri həyata keçirib. 2009-cu ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və beynəlxalq təşkilatlarla tərəfdaşlıq əsasında bir sıra ekoloji cəhətdən “təmiz enerji” layihələrinin həyata keçirilməsinə başlanması bu dövrdə baş vermiş mühüm hadisələrdəndir. Bundan əlavə, 2010-cu ildən 2020-ci ilə qədər olan onillik Azərbaycanın davamlılığa keçidində mühüm dövr olub. Bu müddət ərzində Azərbaycan Hökuməti enerji səmərəliliyi və davamlılıq təcrübələrini təşviq etmək, dəstəkləmək üçün əhəmiyyətli səylər göstərib. Davamlı inkişafı dəstəkləməyə yönəlmiş qanunvericilik islahatları ilə yanaşı, “yaşıl texnologiyalara” sərmayələrin yatırılmasına diqqət yetirilib.
Ölkənin enerji strategiyasına gəlincə, qeyd edilib ki, Azərbaycan Hökuməti “yaşıl enerji” zonalarının yaradılmasını və “yaşıl enerji” sektoruna beynəlxalq investisiyaların cəlb olunması istiqamətində mühüm səylər göstərib. Buna nail olmaq üçün Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” enerji şirkətləri ilə külək və günəş elektrik stansiyalarının tikilməsi istiqamətində əməkdaşlığa başlayıb. Buna uyğun olaraq, təmiz ətraf mühitin və dayanıqlı inkişafın vacibliyini vurğulayan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncam imzalanıb. Bu Sərəncamda əks olunan strategiya Azərbaycanın bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə sadiqliyini göstərir və qarşıya iddialı hədəflər qoyur.
Eyni zamanda, bildirilib ki, Azərbaycanın COP29 ev sahibliyi ölkənin davamlı inkişafa doğru irəliləyişində və gələcəyə baxışında mühüm addım olacaq. Bu ədbir dünya miqyasında iqlim dəyişikliyinin müzakirəsi üçün həyati əhəmiyyət daşıyır, həm də Azərbaycan üçün ətraf mühitin mühafizəsinə sadiqliyini nümayiş etdirmək və dayanıqlı iqtisadiyyata keçidi sürətləndirmək baxımından dəyərli fürsətdir.
Sonda qeyd olunur ki, Azərbaycan qlobal iqtisadi səyləri dəstəkləyir və regional iqtisadi inteqrasiya üçün yeni geniş imkanlar yaradır.