Azərbaycan Respublikası Dövlət Neft Fondu Ümummilli Lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə təsis edilib.Dünya təcrübəsi əsasında yaradılan Dövlət Neft Fondu artıq 25 ildir ki, neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını təmin edir.Büdcədənkənar, ayrıca dövlət təsisatı olan Fondun yaradılması fəlsəfəsinin əsas qayəsi neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin olunmasıdır.
Əsas göstəricilər
Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, öhdəliklərini layiqincə yerinə yetirib.Vəsaitlərinin həcmi 2001-ci ildə 270 milyon ABŞ dolları olan ARDNF-nin aktivləri 2024-cü ilin aprelin 1-nə 57 milyard 372,8 milyon ABŞ dolları təşkil edir. Təkcə 2022-ci illə müqayisədə 2023-cü il ərzində fondun aktivlərində 7 milyard ABŞ dollar və ya 14,3 faiz artım qeydə alınıb. Fondun ötənilki gəlirləri 21 milyard 661 milyon 900,4 min manat, xərcləri isə 11 milyard 832 milyon 650,1 min manat olub. 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 milyard 156,4 milyon manat təşkil edib. Ötən il neft-qaz sektoru üzrə büdcə daxilolmalarının 11 milyard 737,6 milyon manatı Dövlət Neft Fondundan transfertlərin payına düşüb. Bu isə 2022-ci illə müqayisədə 48,1 % çoxdur.Cari ilin göstəricilərinə gəldikdə, ARDNF AÇG yatağından 2024-cü ilin əvvəlindən iyulun 1-i tarixinə 3 milyard 5,3 milyon dollar, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 244,069 milyon dollar gəlir əldə edib.
Neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Yəni, hər iki adamdan biri yoxsul idi. Hazırda həmin göstərici 5 faizə qədər azaldılıb.Eyni vəziyyət işsizlikdə müşahidə olunur. Bu gün Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişafında, əhalinin sosial rifahının yaxşılaşmasında neft gəlirlərinin əldə olunması ilə yanaşı, bu gəlirlərin düzgün idarə edilməsi və doğru istiqamətə yönəldilməsinin də xüsusi rolu var.
Reallaşdırılan layihələr
Son 25 ildə Neft Fondunun vəsaitləri ölkəmizin sosial-iqtisadi inkişafı, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üçün layihələrin maliyyələşdirilməsinə yönəldilib.Fond bu gün də mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurla icrası ölkənin hərtərəfli inkişafına xidmət edir.
Dövlət Neft Fondudan indiyədək ümumilikdə 146 milyard 346,2 milyon manat məbləğində vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə ARDNF-nin 2 milyard 702,7 milyon manat məbləğində vəsaiti istifadə edilib.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat sərf olunub.2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilib. Fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edən Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinə 779,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına isə 1 milyard 469,6 milyon manat vəsait yönəldilib.Həmçinin, indiyədək fondun 87,6 milyon manat vəsaiti AÇG layihəsində ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsinə yönəldilib. Bundan əlavə, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 748,6 milyon manat ayırılıb.
Fond indiyədək “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 1 milyard 530,3 milyon manat ayırıb. SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 1 milyard 663,3 milyon manat yönəldib. Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert isə 3 milyard 949,5 milyon manat təşkil edib. Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə isə 90 milyon manat sərf olunub.
Neft Fondu tərəfindən 65,5 milyon manat məbləğində vəsait “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə 212,7 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 52,8 milyon manat sərf edilib. Bu proqramların icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb.“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 3558 nəfər Dövlət Neft Fondu hesabına dünyanın aparıcı universitetlərində təhsil alıb, onların böyük əksəriyyəti ölkəmizə qayıdıb, hazırda dövlət və özəl sektorda uğurla fəaliyyət göstərirlər.Dövlət Neft Fondu tərəfindən təhsil istiqamətində həyata keçirilən layihələr 2030-cu ilədək davam edəcək.
İnvestisiya qoyuluşları
ARDNF-nin valyuta vəsaitlərinin idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır.Neft Fondu fəaliyyət göstərdiyi dövr ərzində vəsaitlərin idarə edilməsində daim müsbət gəlirlilik nümayiş etdirmişdir.2023-cü il ərzində Fondun investisiya gəlirliliyi 7,1 % olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib.Belə ki, vəsaitlərin idarə olunmasından əldə edilən gəlir 6 milyard 337,8 milyon manat olub.İyirmibeşillik uğurlu fəaliyyəti sayəsində beynəlxalq səviyyədə tanınan fonda çevrilən Dövlət Neft Fondu Azərbaycanın ən əsas investor qrumuna çevrilib.ARDNF sabit gəlirli qiymətli kağızlardan ibarət investisiya portfelinin idarə edilməsi sahəsində də mühüm inkişaf yolu keçərək qlobal investor kimi dünyanın 60-dan çox ölkəsində, demək olar bütün iqtisadi sektorlara yatırımlar həyata keçirmişdir.İnvestisiya siyasətinə uyğun olaraq Dövlət Neft Fondu investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədərini qızıla, 10%-ə qədərini isə daşınmaz əmlaka yönləndirə bilər.2024-cü ilin birinci rübü ərzində ARDNF-nin qızıl alt portfeli artaraq 31 mart 2024-cü il tarixinə 104,6 ton təşkil etmişdir.Alınmış qızıl Azərbaycana gətirilərək ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilmişdir.ARDNF-nin daşınmaz əmlak portfeli isə özəl daşınmaz əmlak fondlarına investisiyalar, müştərək investisiyalar və birbaşa investisiyalardan ibarətdir.ARDNF ilk daşınmaz əmlak invesitisiyalarını 2012-ci ildən etibarən birbaşa invesitisiyalar şəklində həyata keçirməyə başlamışdır.Belə ki, Avropa və Asiyanın bir çox şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatırmışdır.2015-ci ildən etibarən isə ARDNF özəl daşınmaz əmlak fondlarına investisiyalar yatırmağa başlamışdır. Bu invesitisiyalar daşınmaz əmlak portfelinin əhəmiyyətli hissəsini təşkil edir.
Dövlət Neft Fondu dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə də investisiya yatırıb.Belə ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur.Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir.Gələcəkdə “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək. ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi cari ilin ilk rübündə 1 milyard 742 milyon dollar təşkil edib. Dövlət Neft Fondunun cari ilin birinci rübü üzrə ən çox səhmlərinə sahib olduğu 5 şirkət isə bunlardır:
- “Microsoft” (494 milyon ABŞ dolları)
- “Apple” (419 milyon ABŞ dolları)
- “NVIDIA” (371 milyon ABŞ dolları)
- “Amazon” (279 milyon ABŞ dolları)
- “Meta platforms” (179 milyon ABŞ dolları).
Bu səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4 faiz, 3,4 faiz, 3 faiz, 2,3 faiz və 1,4 faiz təşkil edib.
Qeyd edək ki, ARDNF inkişaf kursu götürmüş və yüksək böyümə potensialına malik regionların və müvafiq sektorların da səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq müvafiq investisiyalar həyata keçirir.Məsələn, ARDNF investorlar konsorsiumun üzvü kimi dünyanın ən böyük özəl təhsil müəssisələrindən biri olan və Dubayda yerləşən “GEMS Education” şirkətinə 100 milyon dollar məbləğində yatırım edib.Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkəti həyata keçirib.Sözügedən konsorsiumda “Brookfield Asset Management” şirkətinin idarə etdiyi fondlarla yanaşı, nüfuzlu yerli və beynəlxalq investisiya qurumları da iştirak edib.ARDNF-nin yüksək gəlirlilik hədəflədiyi alternativ maliyyə alətlərinə investisiyaları kimi “GEMS Education”a olan investisiya qoyuluşu da uzunmüddətli xarakter daşıyır. Bu addım - “GEMS Education”a investisiya qoyulması ARDNF-nin qlobal arenada etibarlı investor kimi qəbul edilməsinin göstəricisidir. Birləşmiş Ərəb Əmirliklərində yerləşən 40-dan çox GEMS məktəbində hazırda 135 000-dən çox şagird təhsil alır.
Gələcəyə baxış
ARDNF-nin neft gəlirlərinin istər ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqamətində qazandığı böyük uğurlara dünyanın digər neft ölkələrində fəaliyyət göstərən analoji qurumlar, sözün əsl mənasında, həsəd apara bilərlər.Artıq 25 ildir Azərbaycanın hərtərəfli inkişafına xidmət edən fondun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza xidmət edəcəyini deməyə əsas verir.
Prezident İlham Əliyev neftdən əldə olunan vəsaitlərin iqtisadiyyatın digər sahələrinə, ilk növbədə, qeyri-neft sektorunun inkişafına və insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsini hökumət qarşısında prioritet vəzifə kimi müəyyənləşdirib.Dövlət Neft Fondu da ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi ilə yanaşı neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atır.Bu gün Azərbaycan iqtisadiyyatını artıq müəyyən dərəcədə şaxələndirə bilib.Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyini qoruyur.Danılmaz faktdır ki, Bakı dünyanın neft sənayesinin yarandığı məkandır. Bu ilin noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı məhz Bakıya səfər edəcəkdir. Müstəqillikdən əvvəl, Sovet İttifaqı, çar Rusiyası dövründə enerji resurslarımız ətraf mühitə heç bir diqqət yetirilmədən istismar olunub.Buna görə də Bakı dünyanın ən çirklənmiş şəhərlərinin birinə çevrilmişdi.Azərbaycan bu ekoloji fəlakətin nəticələrini aradan qaldırmaq üçün yüz milyonlarla, hətta milyardlarla dollar xərcləmək məcburiyyətində qalmışdır.Çoxlu rekultivasiya, təmizləmə işləri icra edilərək ekoloji cəhətdən təmiz olan bir çox təşəbbüslər həyata keçirilmişdir.Bu gün COP29-un sədri olaraq Azərbaycanın üzərində olan məsuliyyət səviyyəsi, əlbəttə ki, artmaqdadır.Ölkəmiz sədrliyinə çox ciddi yanaşır və daim diqqət mərkəzindədir. Bəzi QHT-lər və media quruluşları neft hasil edən ölkə kimi Azərbaycanın COP-a sədrlik etməsinə qarşı çıxmışdır. Lakin qeyd edilməlidir ki, Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır.Bu resurslardan çox səmərəli şəkildə ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması, infrastruktur, yaşıl enerji üçün istifadə edilir.Bu gün Azərbaycan sabit neft və artan qaz hasilatına malikdir, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdirir.Azərbaycan dövləti ciddi qlobal problem olan iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində ardıcıl siyasət həyata keçirir və 2030-cu ilə qədər bərpaolunan enerji həcminin və enerji səmərəliliyinin artırılması ilə bağlı beynəlxalq təşəbbüsə qoşulmuşdur.Ölkəmizdə “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ-hüquqi aktlar qəbul olunur.Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilmişdir.Azərbaycan xarici tərəfdaşları ilə birlikdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə böyük layihələr reallaşdırmağa başlamışdır.
2020-ci ilin Vətən müharibəsində və ötən ilin sentyabrında Azərbaycan, torpaqlarının işğaldan azad oluması və bütün ərazisində suverenliyini bərpa etmək üçün böyük addımlar atdı.İşğaldan azad olunan ərazilərdə hazırda sosial infrastruktur yaradılır, genişmiqyaslı tikinti-quruculuq işləri gedir.Təbii olaraq, bu işlərin reallaşdırılmasına da ciddi vəsait yönəldilir.Həmin ərazilərdə innovativ texnologiyalar tətbiq edilir, yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər, kəndlər qurulur və COP29.Bu gün biz Azərbaycanın ən füsunkar bölgələrində yaşıl gələcək haqqında danışırıq.Bax budur ölkəmizin gələcəyə baxışı.
Nihad Bayramlı
Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu”
mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.