NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublika üzrə 4922 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz, xidmət haqqı isə 22,6 faiz artıb.
Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 2049-u torpaq sahəsi, 1743-ü fərdi yaşayış və bağ evi, 822-si mənzil, 81-i qeyri-yaşayış binası, 210-u qeyri-yaşayış sahəsi, 1-i çoxmərtəbəli yaşayış binası, 16-sı əmlak kompleksi kimi müəssisə olub.
Muxtar respublikada özəlləşdirmənin hərraclar vasitəsilə həyata keçirilməsi geniş vüsət alıb. Müvafiq dövlət qurumları, bələdiyyələrlə müqavilələr bağlanıb, hərracların şəffaf və rəqabətli keçirilməsi təşkil olunub.
Cari ilin 6 ayı ərzində 5 qeyri-yaşayış obyekti, 15 torpaq sahəsi, 1 nəqliyyat vasitəsi və 1 faydalı qazıntı yatağı olmaqla 22 əmlakın hərracla satışı təşkil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur.
Keçirilmiş hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə çox olub.
Naxçıvanda innovativ yenilik və xüsusi model olan elektron hərracın tətbiqi məqsədilə müasir infrastrukturun qurulması nəzərdə tutulub.
Cari ilin yanvar-iyun aylarında sahibkarlara 166 mənşə sertifikatı verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz çoxdur. Verilmiş mənşə sertifikatlarından büdcəyə daxilolmalar da həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz artmışdır.
2024-cü ilin 6 ayı ərzində, “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 1971 ədəd ölçmə vasitəsi yoxlanılmışdır ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur.