Dövlət Proqramı çərçivəsində Naxçıvan Modul Elektrik Stansiyasının əsaslı təmiri diqqətdə saxlanılır - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritetlərdən biri də Naxçıvanda elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Proqramının “Elektrik stansiyalarının mərhələli olaraq əsaslı təmir edilməsi” bəndinə əsasən 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyasında ehtiyat hissələrinin alınması, eyni zamanda qaz porşenli mühərrik aqreqatlarında 64 000 saatlıq ekvivalent işləmə saatlarına görə əsaslı təmir işləri aparılır.
Dövlət Proqramının müvafiq bəndinin icrası istiqamətində avadanlığın istehsalçısından sifariş edilmiş ehtiyat hissələrinin bir qismi alınıb gətirilib.
Stansiyada 2 və 6 nömrəli mühərriklərdə əsaslı təmir işləri başa çatdırılıb, haliyədə 7 nömrəli mühərrikdə təmir işləri davam edir. Növbəti mərhələdə 1, 5, 9 və 10 nömrəli mühərrik aqreqatlarında ekvivalent işləmə saatlarına görə əsaslı təmir işləri aparılacaqdır.
Stansiyalarda əsaslı təmir işlərinin aparılmasında məqsəd əhalini daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək və yarana biləcək elektrik enerjisi itkilərinin aradan qaldırılmasıdır.