Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən xəbərə görə, muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin sürətli inkişafına təkan verib.
2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ildəki göstəricini 1,3 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil edib.
2018-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 50 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 18 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib.
Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ildə 5 milyon 172 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 9,1 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada xalçaçılıq ənənələrinin qorunmasına və inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə öz töhfəsini verməklə yanaşı, xalçaçılığın inkişafına müsbət təsir göstərəcəkdir.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2018-ci ildə 322 milyon 485 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.