KOBİA I yarımildə 375 min manat qrant ayırıb

A- A A+

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların təhsil, elm, tədqiqat və dəstəklə bağlı 21 layihəsinə 374,5 min manat qrant ayırıb.

NUHÇIXAN bu barədə agentliyə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, indiyə qədər KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 5 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 79-na 1 milyon 427 min manat qrant dəstəyi göstərilib. Növbəti, 6-cı qrant müsabiqəsi ilin 2-ci yarısında keçiriləcək.

Qrant müsabiqələrinin keçirilməsi, layihələrin ekspertizası, maliyyələşdirilməsi, monitorinq və hesabatlılıq məsələləri Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq təşkil olunur. Qaydaya əsasən, müsabiqəyə təqdim olunan layihələri müxtəlif dövlət və özəl qurumları təmsil edən 7 nəfərdən ibarət Ekspert Komissiyası qiymətləndirir. Layihələr müvafiq qayda ilə müəyyən edilmiş 14 meyara (layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər) uyğun olaraq, 1-5 ballıq sistem üzrə qiymətləndirilir və layihələrin ekspertizasının nəticələrinə dair yekun qərar sadə səs çoxluğu ilə təsdiq edilir. Ekspertizanın əsas məqsədi müsabiqəyə təqdim olunmuş layihələrin məzmunu və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən, maliyyələşdirilməsinin məqsədəuyğun olub-olmamasını müəyyən etməkdən ibarətdir. Ekspert Komissiyasının kollegial şəkildə qiymətləndirdiyi ən yüksək nəticə əldə etmiş layihələr müsabiqənin qalibi elan olunur və Agentlik tərəfindən həmin layihələrin maliyyələşdirilməsi barədə qərar qəbul edilir.

Layihələrin seçilməsi şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçirilir. Müsabiqənin nəticələri, o cümlədən qalib gəlmiş KOB subyekti, onun layihəsi və ayrılmış qrant barədə məlumatlar Agentliyin saytında yerləşdirilir. Qrant müsabiqələrində qalib gəlməyən layihələr təkmilləşdirməklə növbəti müsabiqələrə təqdim oluna bilər. Həmçinin, layihə sənədlərinin hazırlanmasında Agentliyin KOB inkişaf mərkəzlərinin dəstəyindən də yararlanmaq mümkündür. Qrant ayrılmış bütün layihələrin icrasını Agentliyin yaratdığı Monitorinq Qrupu yoxlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: