Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 4 milyard 683,75 milyon kubmetr qaz ixrac edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında deyilir.
Məlumata görə, bu, 2023-cü ilin ilk beş ayı ilə müqayisədə 5,6 % çoxdur.
Bu ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib, bu isə 2023-cü ilin may ayı ilə müqayisədə 9,24 % çoxdur.
Beləliklə, Azərbaycan may ayında Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında liderliyini qoruyub. Qeyd olunan dövrdə Türkiyənin idxal etdiyi təbii qazın 35 %-i Azərbaycanın payına düşüb.
Ümumilikdə, may ayında Türkiyəyə 2 milyard 882,34 milyon kubmetr [azalma 21,94 %] qaz idxal edilib. 2 milyard 336,48 milyon kubmetr (bütün tədarükün 81,06 %-i, azalma 17,49 %) boru kəməri qazının, 545,86 milyon kubmetr (bütün tədarükün 18,94 %-i, azalma 36,56 %) mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.
Mayda Türkiyəyə 6 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri ilə, ABŞ, Misir, Əlcəzair - mayeləşdirilmiş təbii qaz) qaz nəql olunub.