Yaponiyanın Baş naziri Fumio Kişida Mərkəzi Asiya ölkələri üçün iqtisadi yardım paketini elan etməyi planlaşdırır. Proqram Xəzər dənizi vasitəsilə regionu Avropa ilə birləşdirəcək yeni ticarət marşrutunun yaradılmasını nəzərdə tutur.
NUHÇIXAN “The Japan Times” qəzetinə istinadən xəbər verir ki, Baş nazir avqustun 9-dan 12-dək Özbəkistan, Qazaxıstan, Monqolustana səfər edəcək və planı Qazaxıstanda beş Mərkəzi Asiya dövlətinin liderləri ilə görüşdə təqdim edəcək.
Qəzetin yazdığına görə, təşəbbüs Yaponiyanın Çin və Rusiyanın ənənəvi olaraq güclü mövqelərə malik olduğu regionla əlaqələri gücləndirməyə yönəlib. Rəsmi Tokio ümid edir ki, yeni ixrac marşrutu Mərkəzi Asiya ölkələrinə daha böyük iqtisadi müstəqillik verəcək.
Nəqliyyat infrastrukturundan əlavə, Yaponiya planı iqtisadiyyatın dekarbonizasiyası sahəsində dəstəyi də nəzərdə tutur. Bununla yanaşı, yapon şirkətlərinin texnologiyaları və kreditlərindən təbii qazın emalına kömək kimi tədbirlər üçün istifadə edilməsi planlaşdırılır.