Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılan Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sistemi kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında çox mühüm rola malikdir.
NUHÇIXAN xəbər verir ki, “Track and Trace” (“Təqib və İzləmə”) sistemi Vergi Məcəlləsinin 50-2.1-ci və 194.1-ci maddələri və Nazirlər Kabineti tərədindən təsdiq olunmuş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu sistem istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verir. Həmçinin sistem vasitəsilə markaların sifarişi, çatdırılması barədə bildirişlərin verilməsi, aktivləşdirilməsi, izlənilməsi, eləcə də dövriyyəsi barədə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və verilməsi həyata keçirilir. Sistemdən istifadə zamanı diqqət yetirilməli əsas məsələlərdən biri siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən markalanmalı malların aksiz markası və məcburi nişanlanma tətbiq olunan və yalnız məcburi nişanlama tətbiq olunan mallara aid olmasının dəqiqləşdirilməsidir.
Məlumat üçün bildirilir ki, Təqib və izləmə sist emindən istifadə hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, həmçinin sifarişçilər, markalanmalı malların satıcıları və markalanmalı malların istehlakçılarına verilir. Markalanmalı malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə yalnız həmin malların üzərinə tətbiq edilən markaların sifarişçilər tərəfindən aktivləşdirilməsindən sonra yol verilir.
Qeyd edək ki, tütün məmulatlarının üzərində aksiz markasının olmaması bu məhsulların markalanmadığı anlamına gəlmir. Mövcud qanunvericiliyə uyğun olaraq, tütün məmulatlarının üzərində yalnız məcburi nişanlama kodunun olması, həmin məmulatların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə imkan verir və bu nişanlanma kodu aksiz markasını əvəz edir.