“Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılması KOB-ların daha dayanıqlı təcrübələrə keçidini asanlaşdıracaq və onlara lazımi bilik, məsləhət və texnologiya ilə təmin edəcək.
NUHÇIXAN xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.
Nazir qeyd edib ki, bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir.
“COP29-un əsas prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda, danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən “İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir. Bu tədbir çərçivəsində Azərbaycanın COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcəkdir. Bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək. İnanıram ki, bugünkü tədbir ölkəmizdə fəaliyyət göstərən KOB-ların iqlim proseslərində rolunu, onlardan gözləntini və gələcək planları müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün səmərəli platforma olacaq”, - deyə nazir diqqətə çatdırıb.