Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzərində işləyir.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iş iki istiqamətdə aparılır: "Birinci istiqamət COP29 sədrliyi fəaliyyətinin gündəliyindəki enerji təşəbbüsləri ilə bağlıdır, ikincisi isə bilavasitə COP29 çərçivəsində və COP-dan əvvəl təşkil olunacaq enerji tədbirləri ilə əlaqədardır".
O. Zeynalov əlavə edib ki, ümumilikdə, COP29-un fəaliyyət gündəliyində Energetika Nazirliyi tərəfindən üç qlobal enerji təşəbbüsü - "yaşıl dəhliz"lər, enerji saxlanması və enerji şəbəkələri və qlobal hidrogen bəyannaməsi elan edilib: "Energetika Nazirliyi COP29 çərçivəsində ümumilikdə 15 tədbir keçirməyi planlaşdırır".