Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi muxtar respublikada maliyyə bazarlarının tənzimlənməsi, nəzarətin həyata keçirilməsi, şəffaflığın və inkişafın təmin olunması üzrə fəaliyyətini 2018-ci ildə də davam etdirib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsindən NUHÇIXAN-a bildirilib ki, idarə tərəfindən ötən il daxili istehsal olan alkoqollu içkilərə və tütün məmulatlarına 148 milyon 200 min aksiz markası təhvil verilib. Bu dövrdə 85 ipoteka kağızının dövlət qeydiyyatı aparılıb, 81 ipoteka kağızı isə əlavə dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilib. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən daxil olmuş müraciətlər əsasında 21 ipoteka kağızına xitam verilib. Həmçinin bir sıra cəmiyyətlərin qiymətli kağızlarının dövriyyədən çıxarılması idarə tərəfindən nəzərə alınıb və qanuni şəkildə rəsmiləşdirilib.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin müvafiq əmrinə əsasən muxtar respublika ərazisində “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılması Palatanın Naxçıvan Muxtar Respublikası üzrə idarəsinə həvalə olunub. Ötən ilin oktyabr ayında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri və sahibkarların iştirakı ilə “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” və reyestrin aparılması barədə təqdimat keçirilib.
Eyni zamanda, idarə tərəfindən muxtar respublikada sığorta sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsinə ciddi nəzarət olunub.
2018-ci ildə bank sektorunda çalışan işçilərin bilik və təcrübələrinin artırılması məqsədilə idarənin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən “Çirkli pulların yuyulması” mövzusunda kurs keçirilib. Kursda iştirak etmiş dinləyicilərə sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2019-cu il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 102 milyon 681 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 964 min manat, uzunmüddətli kredit qoyuluşu isə 99 milyon 717 min manat təşkil edib. Kredit qoyuluşunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 267 min manat artım müşahidə olunub. Bank və kredit təşkilatları tərəfindən 2018-ci ildə 50 milyon 879 min 300 manat kredit verilib ki, bunun 5 milyon 806 min manatı qısamüddətli, 45 milyon 72 min manatı isə uzunmüddətli kreditlərdir. Hesabat ili ərzində verilən kreditlər 2017-ci ildə verilən kreditlərlə müqayisədə 19 milyon 564 min manat artıb. Bu artımın başlıca səbəbləri məhz ölkə üzrə təklif olunan ən aşağı kredit faizlərinin Naxçıvan Muxtar Respublikası ərazisində təklif olunması və ehtiyac meyarlarına uyğun düzgün təyinatlarla həyata keçirilməsidir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işləkliyinin təmin olunması da diqqət mərkəzində saxlanıb. Banklar tərəfindən 2018-ci ildə 18 min 909 müştəriyə yeni bank hesabı açılıb, onlardan da 101-i hüquqi, 18 min 808-i isə fiziki şəxslərə aid hesablar olub. 1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 2060 hüquqi, 78 min 146 fiziki şəxs olmaqla, 80 min 206 müştəriyə bank xidməti göstərilib. Xidmət olunan hesabların 70 min 774-ü işlək hesab olub ki, onların da 1548-i hüquqi, 69 min 226-sı isə fiziki şəxslərə aid hesablardır. Naxçıvan Muxtar Respublikasında elektron ödəniş kartlarının ümumi sayı 269 min 625, POS-terminalların sayı isə 1272 ədədə çatıb. 2018-ci ildə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 35 milyon 93 min manat təşkil edib. Bu da 2017-ci illə müqayisədə 4 milyon 313 min manat çox olub.
Bank xidmətlərinin daha əlçatan olması, yerlərdə xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə bankomatların quraşdırılması davam etdirilib. Hazırda muxtar respublikada, ümumilikdə, 111 bankomat var. Onlardan 57-si Naxçıvan şəhərində, 54-ü isə rayonlarda və böyük kəndlərdə xidmət göstərir. Bunlarla yanaşı, hesabat ilində muxtar respublika vətəndaşlarının bank xidmətlərinin və digər ödənişlərinin rahat və sürətli həyata keçirilməsi üçün yeni ödəmə terminalları quraşdırılıb, onların sayı 39-a çatıb.
İnfrastruktur işləri ilə yanaşı, əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə mütəmadi olaraq mükafatlandırma tədbirləri keçirilir. Təşkil olunan 10-cu tirajla birlikdə nağdsız ödənişlərə üstünlük verdikləri üçün hədiyyələndirilənlərin sayı 2179 nəfərə çatıb. 10 tiraj ərzində muxtar respublika sakinlərinə verilən hədiyyələrin məbləği 140 min manatı ötüb.
Hazırda muxtar respublikada fəaliyyət göstərən banklarda 19 növ müxtəlif təcili pulköçürmə sistemi fəaliyyət göstərir. Ötən il təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının pasport məlumatlarına 6 milyon 879 min ABŞ dolları məbləğində pul köçürülüb və banklar vasitəsilə ödənilib. 1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin ümumi məbləği 6 milyon 566 min manat təşkil edib, o cümlədən xarici valyuta ilə qoyulan əmanətlərin manat ekvivalenti ilə məbləği 1 milyon 238 min manat olub.