Azərbaycanda yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 MVt-a çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 324,8 MVt və yaxud 4 % artım deməkdir.
NUHÇIXAN xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
"Elektroenergetika sistemində ümumi gücü 6 623 MVt olan 22 istilik-elektrik stansiyası, 1 406,6 MVt-lıq 58 su-elektrik stansiyası, 278,1 MVt gücündə 9 günəş-elektrik stansiyası, 63,7 MVt gücündə 5 külək-elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları-elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid-elektrik stansiyası fəaliyyət göstərir. Su-elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən, 21,3 %-ni təşkil edir".
"Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 491 MVA olan 110-500 kV-luq 254 yarımstansiya istismardadır. Ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb ki, burada da Xəzər və MDB regionunun ilk ən böyük və xarici sərmayəəsaslı, günəş- elektrik stansiyasının - "Qaradağ" GES-in xüsusi payı var", - deyə o əlavə edib.
"Bu ilin 9 ayında elektrik enerjisi istehsalı 247,7 milyon kVt-st artımla 21,8 milyard kVt-st olub ki, burada 9 dəfədən çox günəş-elektrik enerjisi istehsalı bərpaolunan mənbələrin payını 14,1 %-ə yüksəldib. İxrac isə Gürcüstana 898,7 milyon, Türkiyəyə 176,4 milyon, Rusiyaya 137,4 milyon və İrana 27,9 milyon kVt-st olmaqla ümumilikdə 1,2 mlrd. kVt-st təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 mln. kVt-st olub", - deyə nazir vurğulayıb.