Naxçıvanda 2030-cu ilə qədər 1200 MVt gücündə günəş elektrik stansiyalarının (GES) inşa edilməsi üzrə "Baltech", "Nobel Energy", "A-Z Czech Engineering" və "TotalEnergies" şirkətləri ilə əməkdaşlıq edilir.
NUHÇIXAN xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
"Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpaolunan enerji potensialına malik Naxçıvan Prezident İlham Əliyevin "yaşıl enerji" zonası təcrübəsinin bu strateji bölgədə də tətbiqi siyasətinə uyğun inkişaf etdirilir. Burada istehsalla ixrac marşrutunun yaradılmasına vəhdətdə baxılır. Təsadüfi deyil ki, Naxçıvanın 4 illik inkişafı üzrə dövlət başçısının müəllifi olduğu dövlət proqramında, həmçinin "yaşıl enerji" zonasının inkişafına dair konsepsiyanın hazırlanması ilə bağlı müvafiq sərəncamda bu məsələlərə birlikdə diqqət yetirilir. Naxçıvanda "Yaşıl Enerji Zonası" Konsepsiyasının, elektrik enerjisinin Türkiyəyə ixrac layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanılıb. Naxçıvandan 1000 MVt-dan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq "Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə" layihəsinin "Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi"nədək inkişafı əsas prioritetlərimizdən biridir", - deyə o qeyd edib.