“Azerspace-2” peyki kommersiya fəaliyyətinə başlayıb
Bu il peykin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır
2018-ci il sentyabrın 26-da Kuru kosmodromundan uğurla orbitə buraxılan “Azerspace-2” peyki bu gündən kommersiya fəaliyyətinə başlayıb.
“Azərkosmos” ASC-dən NUHÇIXAN-a bildirilib ki, “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.
“Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək.
Hazırda peykin tutumlarının satışı ilə əlaqədar əhatə zonasına daxil olan ölkələrdə potensial müştərilərlə aktiv biznes danışıqları aparılır. “Azərkosmos” ASC ilə ABŞ, Pakistan və peykin əhatə zonasına daxil olan ölkələrin bir sıra şirkətləri arasında peykin xidmətlərindən istifadəyə dair ilkin razılaşma sazişləri imzalanıb.
İlk kommersiya fəaliyyətinə başladığı il olmasına baxmayaraq, “Azerspace-2” peykinin 2019-cu il ərzində tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi nəzərdə tutulur.
“Azerspace-2” peyki “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Müasir elekrik mühərrikləri ilə təchiz olunmuş “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.