Cəbrayıl şəhərində tutumu 1 000 kubmetr olan 2-ci su anbarının dəmir-beton işləri yekunlaşıb, izolyasiya işləri davam edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirlir ki, siyirtmə kamerasında və gözətçi otağında da işlər tamamlanıb. 280 mm diametrlik boru ilə 1 177 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır.
"Birinci anbar test sınağından keçirilərək istismara verilib. Şəhərin çıxışından 600 mm diametrlik boru ilə 5 300 metr məsafədə kanalizasiya xətti çəkilib", - məlumatda deyilir.
Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.
"2023-cü ildə bir ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir", - ADSEA hesab edir.