2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq və qlobal istiləşməni 1,5 dərəcə səviyyəsinin altında saxlamaq üçün imkan pəncərəsi sürətlə bağlanır.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda təşkil edilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.
“Biz ambisiyaları artırmalıyıq, bu çox vacibdir. Ölkələrin öhdəliklərini daha da gücləndirməsini istəyirik. Yeni vədlər, qlobal orta temperaturu 1,5 dərəcənin altında saxlamaq üçün dünyanın kollektiv şəkildə düzgün istiqamətdə addımlayıb-addımlamadığını müəyyən edəcək. COP29-a ev sahibliyi edəcək Azərbaycan yeni milli səviyyədə müəyyənləşdirilmiş töhfələrini bu tədbirdən əvvəl təqdim edəcək. Lakin təkcə iddialar kifayət deyil - icra prosesini genişləndirməli və iqlim maliyyəsini artırmalıyıq. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün adaptasiya və mitiqasiya üçün maliyyə çox əhəmiyyətlidir”, - deyə o qeyd edib.
V. Andreyeva vurğulayıb ki, gələcək illər cəsarətli iqlim tədbirləri üçün mühüm bir dövrdür: "Biz bütün tərəfdaşlarla və hökumətə dəstək olaraq iqlim gündəliyini dəstəkləyəcəyik".