Sınaq imtahanının nəticələri müzakirə edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) üzrə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan şəxslər üçün 26 oktyabr tarixində keçirilmiş sınaq imtahanının nəticələrinin müzakirəsi keçirilib.
Müzakirədə maliyyə nazirinin müavini Elvin Əlimərdanov və Bakıdan dəvət olunmuş təlimçi-ekspert Arif Ataxanlı iştirak ediblər.
Maliyyə nazirinin müavini Elvin Əlimərdanov tədbirdə çıxış edərək ictimai sektorda beynəlxalq standartların tətbiqinin əhəmiyyətini vurğulayıb. O, maliyyə və mühasibat işçiləri üçün Peşəkar Mühasib Sertifikatının əldə edilməsi istiqamətində sınaq imtahanların təşkilinin vacibliyini və bu cür imtahanların mühasiblərin bilik və bacarıqlarının artırılmasında xüsusi rol oynadığını qeyd edib.
Nazir müavini bildirib ki, sınaq imtahanının nəticələrinin müzakirəsi iştirakçılara biliklərini təkmilləşdirmək və növbəti imtahana hazırlıq üçün faydalı imkan yaradacaqdır.
Sonra təlimçi-ekspert Arif Ataxanlı sınaq imtahanının strukturu və iştirakçıların qarşılaşdığı çətinliklər haqqında geniş məlumat verib. O, iştirakçılara zəif və güclü tərəflərini analiz edərək noyabrın 3-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək sertifikat imtahanına daha hazırlıqlı olmaq üçün dəyərli tövsiyələr təqdim edib. Ekspert qeyd edib ki, bu cür müzakirələr peşəkar mühasiblərin beynəlxalq standartlara uyğun təcrübə qazanmasında və imtahanlara daha yaxşı hazırlaşmasında mühüm rol oynayır.
Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və imtahana hazırlığın artırılmasına kömək edəcək faydalı məlumatlarla yadda qalıb.