Səngəçal terminalından 166 milyon barel neft və kondensat göndərilib

A- A A+

Üçüncü rübdə Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

NUHÇIXAN bp-nin 2024-cü ilin üçüncü rübünün yekun hesabatına istinadla xəbər verir ki, ilk üç rüb ərzində terminal təxminən 166 milyon barel neft və kondensat, o cümlədən “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə 165 milyon barel və Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə təxminən 1 milyon barel ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon barel və ya 3,5 faiz azdır.

Qeyd olunub ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İlk üç rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 609 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib ki, bu da ötən il ilə müqayisədə 3 milyon standart kubmetr və ya 4,23 faiz artım deməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: