FAO 2025-ci ildə Naxçıvanda yeni layihəyə start verəcək

A- A A+

Azərbaycanda Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu layihələr Azərbaycanın müxtəlif regionlarını əhatə edir. FAO 2023-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikasında da öz fəaliyyətinə start verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb. FAO-nun öz daxili resurslarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının ən prioritet sahələri üzrə ilkin araşdırma aparmaq və gələcək layihələrin konsepsiyasını hazırlamaqla bağlı layihələri davam edir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbərinin müavini Bariz Mehdiyev bildirib.

O deyib: “Həmçinin muxtar respublikada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və müxtəlifliyin qorunması ilə bağlı yeni layihə üzərində işləyirik. Hazırda layihənin yekun sənədi son hazırlıq mərhələsindədir. Bizim planımıza görə, 2025-ci ildə artıq layihəyə start veriləcək. Layihənin məqsədi Naxçıvan Muxtar Respublikasında qorunan bütün ərazilərin idarəetmə mexanizminin, mövcud bazanın təkmilləşdirilməsi, möhkəmləndirilməsi və eləcə də qorunan ərazilər sahəsində çalışan mütəxəssislərin peşəkar hazırlığının artırılmasıdır”.

“Təbii ki, biz bununla məhdudlaşmayacağıq. Həyata keçirilən regional layihələrdə Naxçıvan Muxtar Respublikasının pilot ərazi kimi seçilərək, burada da kənd təsərrüfatı, eləcə də qida təhlükəsizliyi, o cümlədən iqlim dəyişmələri ilə bağlı layihələrə aktiv cəlb olunması üzrə fəaliyyət göstərəcəyik”, – deyə Bariz Mehdiyev əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: