Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.
İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsinin daxil edildiyini bildirib.
Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin gəlirləri 527 milyon 959 min manat, xərcləri 540 milyon manat məbləğində təsdiq edilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsini Ali Məclisə təqdim edib.
Emin Şıxəliyev diqqətə çatdırıb ki, 2025-ci il üzrə Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə nəzər saldıqda gəlir mənbələri üzrə artım müşahidə olunur ki, bu da artıq iqtisadi inkişafın yeni mərhələdə formalaşmasından xəbər verir. Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Anar İbrahimov qanun layihəsi barədə məlumat veriblər.
Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunub, qanun layihəsi yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının müzakirəsinə tövsiyə olunub.