NAXÇIVAN SƏNAYE PARKININ YARADILMASI, UZUNMÜDDƏTLİ İQTİSADİ PRİORİTETLƏRİ DAHA DA ƏLÇATAN EDƏCƏK

A- A A+

İqtisadi inkişafın indiki mərhələsində sənayeləşmə siyasətinin səmərəliliyinin təmin olunması, bu sahədə mütərəqqi təşkilatlanma ilə müşayiət olunmaqdadır. 2013-cü ildə Sənaye Parkları, 2015-ci ildə isə Sənaye Məhəlləsi barəsində Nümunəvi Əsasnamənin təsdiq olunması, ölkəmizdə müvafiq qurumların fəaliyyətinin təmin olunması, bunun üçün zəruri təsisatların yaradılması və fəaliyyətlərinin tənzimlənməsi sahəsində mühüm nəticələr əldə olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan Sənaye Parkı yaradılmışdır. Bu Fərman Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi ölkənin milli iqtisadiyyatına tam və dolğun inteqrasiyası baxımından mühüm bir addımdır. Naxçıvan Sənaye Parkının yaradılması ilə artıq ölkəmizdə səkkiz Sənaye Parkı mövcuddur. Bununla yanaşı, ölkəmizdə həm də beş Sənaye Məhəlləsinin fəaliyyət göstərməsi, artıq Azərbaycanda daha mütərəqqi sənayeləşmə potensialının yaradılmasını təmin edəcək.

Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2019-cu il tarixli “Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında” Fərmanının 7.1, 7.2 və 7.3-cü bəndlərində də müəyyən olunan “Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Məhəllələri” ifadəsindən də aydın olur ki, muxtar respublikada Şərur Sənaye Məhəlləsindən sonra yeni Sənaye Məhəllələri və ya Parklarının yaradılması da nəzərdə tutulmuşdur. Yəni, dövlətin iqtisadi prioritetlərində Naxçıvan Muxtar Respublikasının uzunmüddətli sosial-iqtisadi inkişafı məsələləri strateji məsələ olaraq yer almaqdadır. Təbii olaraq, bütün bu məsələlərin səmərəli şəkildə tənzimlənməsi Sənaye Park və Məhəllələrinin makroiqtisadi inkişafdakı yerinin, rolunun və əhəmiyyətinin yüksəldilməsi ilə müşahidə olunacaq.

Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikada sahibkarlıq fəaliyyətinin təşəkkülü, onun səmərəli təşkili və idarə olunması, infrastruktur təşkilatlanması ilə yanaşı, həm də rəqabətqabiliyyətli məhsul istehsalı baxımından əhəmiyyətlidir. Bu, təbii olaraq, gələcəkdə muxtar respublikanın sənaye əhəmiyyətinin yüksəldilməsində də həlledici rol oynayacaq.

Bir sözlə, Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikada kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, həm də yerli istehsalın həcminin və əhatəsinin daha da artmasında mühüm göstərici olacaq. Bu, həm də birbaşa əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.

Qafar QƏNBƏROV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: