Abbas İsmayılov: "Bu il Naxçıvanda bütün sahələrdə iqtisadi artım olacaq"

A- A A+

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində artım olacağı proqnozlaşdırılır.

Bunu NUHÇIXAN-a müsahibəsində Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təhlininə əsasən 2024-cü il üzrə ümumi daxili məhsulun həcmi 1 milyard 441 milyon manat proqnozlaşdırılmışdır ki, həmin ilin 11 ayı ərzində bu göstərici faktiki olaraq 1 milyard 365 milyon manat təşkil etmişdi. 2025-ci il üzrə ümumi daxili məhsulun həcmi 1,5 milyard manat proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafın proqnozlarına əsasən 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2025-ci ildə ümumi daxili məhsulun strukturunda bütün sahələrdə artım nəzərdə tutulub. Əsas artımlar sənaye məhsulu üzrə 3,7 faiz, kənd təsərrüfatı məhsulu üzrə 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti quraşdırma işləri üzrə 10,5 faiz artım proqnozlaşdırılıb.

Nazir müavini qeyd edib ki, Naxçıvanda istehsal olunan məhsulların ixrac coğrafiyası genişlənib, il ərzində verilmiş 60 mənşə sertifikatı əsasında muxtar respublikada istehsal edilmiş məhsullar 10-dan çox ölkəyə ixrac olunub. 2024-cü ildə sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Sahibkarlığı İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6 ya çatdırılıb. Bu istiqamətdə 3 yeni kredit təşkilatı ilə işlər davam etdirilir. Fond tərəfindən 2024-cü ilin 11 ayında maliyələşdirilmiş 2,8 milyon manat kreditin 12,7 faizini kiçik, 15 faizini orta və 72,3 faizini böyük həcmli kreditlər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: