2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsal olunub. Bu isə 2008-ci illə müqayisədə 3,3 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, muxtar respublika iqtisadiyyatının gücləndirilməsində və əhalinin özünüməşğulluğunun təmin olunmasında mühüm rol oynayan arıçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövrdə bu sahə üzrə müxtəlif tədbirlər, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar təşkil olunub, sahibkarlar pulsuz dərman preparatları ilə təmin ediliblər. Təkcə 2018-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 336 min 600 manat məbləğində kredit verilib, 6 arıçılıq təsərrüfatı və arı yeşiyi, çərçivə istehsalı sahəsi yaradılıb. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 778 min 300 manat kredit verilib.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların problemlərinin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası da bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açıb.
Muxtar respublikada 2016-cı ildən başlayaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi və festivalda Ali Məclis Sədrinin iştirakı, arıçılarla görüşməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib.
Arıçılığın inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, muxtar respublika əhalisinin arıçılıq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan yaradır.
Arıçılığın inkişafı üzrə aparılan tədbirlər öz nəticəsini verib, 2019-cu il 1 yanvar tarixinə muxtar respublikada 72 min 350 arı ailəsi mövcud olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur. 2018-ci ilin sonuna ümumi arı ailələrinin 9178-i Şərur, 10540-ı Babək, 13745-i Ordubad, 13897-si Culfa, 1642-si Kəngərli, 20547-si Şahbuz, 667-si Sədərək rayonlarının, 2134-ü isə Naxçıvan şəhərinin payına düşüb.