Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü, iştirakı və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “Cahan Şirkətlər Qrupu”na daxil olan “ENNA” MMC-də görüş keçirilib.
Görüşdə gömrük əməkdaşları adıçəkilən müəssisənin fəaliyyəti və istehsal edilən məhsulların çeşidləri ilə yaxından tanış olublar. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri,”Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov şirkət haqqında məlumat verib. Vurğulanıb ki, “ENNA” MMC muxtar respublikada ilk dəfə enerji içkilərinin istehsalına başlayıb. Bu istehsalla muxtar respublikanın enerji və sərinləşdirici içkilərinə olan tələbatı ödənilir. Müəssisənin fəaliyyəti dövründə hər il istehsal həcmi intensiv olaraq artır, regionlara qazlı içkilərin satışı həyata keçirilir. Türkiyə, Almaniya və digər Avropa ölkələrindən gətirilmiş avadanlıqlarla təchiz olunmuş müəssisənin illik istehsal gücü üç növbəli iş rejimi ilə 200 milyon ədəd dəmir bankadır. “ENNA” brendi olan “Plus Over”, “Buzz tea”, “Buz Cola”, “Dinamit” içkiləri artıq Qazağıstan, Özbəkistan, Gürcüstan, Amerika, Rusiya və İrana ixrac olunur.
İstehsal müəssisəsinin mütəxəssisi tərəfindən gömrük əməkdaşlarına istehsal prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müəssisədə fəaliyyət göstərən ən müasir avadanlıq və cihazlarla təchiz olunmuş “Sınaq laborotoriyası”ında mövcüd analiz və ölçmə cihazları vasitəsilə bütün mallar proqrama uyğun sınaqdan keçirilir. Nəzərə çatdırılıb ki, Türkiyə Respublikasının Kənd Təssərüfatı Nazirliyinin nümayəndə heyətinin yoxlanışından sonar bütün standartlara cavab verən fabrikə “Güvənli istehsal müəssisəsi” adı verilmişdir.
Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Vüqar Əliyev rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib, gömrük-biznes əməkdaşlıq çərçivəsində rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb. Eyni zamanda idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər geniş təhlil olunub.