Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri iştirak ediblər.
İclasda 2024-cü il ərzində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülən işlər barədə hesabat təqdim olunub, gələcək dövr üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Kollegiyanı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov 2024-cü il ərzində Nazirliyin və tabeli qurumların yeni struktur çərçivəsində fəaliyyət istiqamətlərinin, hədəflərinin daha dəqiq müəyyən edildiyini və Nazirliyə daxil olan qurumlar arasında koordinasiyanın gücləndirildiyini bildirib.
Nazir müavini vurğulayıb ki, əsas məqsəd şəffaf, hesabatlı və çevik idarəetmə modelini tətbiq etməklə iqtisadi inkişafı sürətləndirmək və dayanıqlı iqtisadi islahatları davam etdirməkdir.
İclasın gündəliyinə uyğun olaraq, Nazirliyin struktur bölmələri və tabeli qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin yekunlarına dair hesabatlar təqdim olunub.
Kollegiyanın sədri Abbas İsmayılov Nazirliyin struktur bölmələri və tabeli qurumların rəhbərlərinə yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verib və cari məsələlər müzakirə edilib.