Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Kollegiya iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 12-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Kollegiya iclası keçirilib.  

Maliyyə naziri Həsən İsmayılovun sədrliyi ilə keçirilən iclasda Nazirliyin struktur bölmələrinin rəhbərləri və yerli maliyyə orqanlarının nümayəndələri iştirak ediblər.  

İclasda ilk olaraq Həsən İsmayılov ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın iqtisadi və sosial inkişafında əldə olunan uğurları vurğulayıb. Daha sonra, maliyyə naziri 2024-cü il ərzində Nazirlik tərəfindən görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib. O, ötən il büdcə gəlirlərinin artması və xərclərin daha səmərəli idarə olunması ilə maliyyə sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu bildirib. Nazir bildirib ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 261 milyon 540 min 388 manat təşkil edib. O cümlədən qeyd edib ki, büdcə gəlirlərindəki yüksək artım bölgənin maliyyə potensialının düzgün istiqamətləndirilməsi və maliyyə idarəetməsində aparılan islahatların nəticəsidir.

Həmçinin bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsində xərclərin təyinatına uyğun xərclənməsinə nəzarətin gücləndirilməsi, maliyyə sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin olunması büdcə xərclərinin qənaətlə və səmərəli şəkildə idarə olunmasına şərait yaradıb, nəticədə 539 milyon 265 min manat plana qarşı 429 milyon 606 min 592 manat xərclənib. 2024-cü ildə Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikası büdcəsinə ayrılan dotasiyadan danışarkən maliyyə naziri vurğuladı ki, xərclərin optimallaşdırılması nəticəsində Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilmişdir ki, bu da indiyə qədər olan ən yaxşı göstəricidir. Bu istiqamətdə də ən mühüm addım maliyyə intizamının gücləndirilməsi olmuşdur ki, bunun nəticəsində də büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi təmin edilmişdir.

Xərclərin idarə olunması və optimallaşdırılması çərçivəsində yalnız sosial və iqtisadi baxımdan əhəmiyyətli layihələrə üstünlük verilmiş, lazımsız xərclər ixtisar edilmişdir. Bu yanaşma maliyyə vəsaitlərinin səmərəli istifadəsinə şərait yaratmış və yerli maliyyə resurslarının potensialını artırmışdır.

Sonra Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərindən danışan Həsən İsmayılov cari ildə də maliyyə vəsaitlərinin daha səmərəli idarə olunmasının, yerli gəlirlərin artırılmasının və dövlət büdcəsindən asılılığın azaldılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırdı. Daha sonra Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı, həmçinin Büdcə şöbəsinin müdir müavini Ramil Hüseynov 2025-ci ilin dövlət büdcəsinin əsas istiqamətləri barədə çıxış ediblər. Bundan başqa, Nazirliyin yerli bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib.

İclasın gündəliyinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 2025-ci il üçün İş Planı, həmçinin Nazirliyin struktur və yerli bölmələrinin əsasnamələrinin layihələri təqdim olunub və müzakirəyə çıxarılıb. Kollegiya iclasının sonunda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb və nazir müavini Elvin Əlimərdanov müzakirə olunan məsələlərlə bağlı yekun çıxış edib. İclasda qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: