Bu il yanvarın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 957,4 milyon manat və yaxud 2024-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 8,7 %-i qədər olub.
NUHÇIXAN bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 196,8 milyon manatı (5 milyard 409,9 milyon ABŞ dolları) və yaxud 83,9 %-i xarici kreditlərin, 1 milyard 760,6 milyon manatı və yaxud 16,1 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 %-ni sabit, 41,8 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,6 %, avro – 18,3 %, manat – 12,5 %, yapon yeni – 3,7 %, digər valyutalar – 1,9 %.
Dövlət zəmanətli borcun 72,2 %-i 5 ilə qədər olan müddətdə, 16,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 11,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Dövlət zəmanətli kreditlərin 31 %-i müxtəlif investorların, 5,5 %-i Dünya Bankının, 9,3 %-i Asiya İnkişaf Bankının, 1 %-i İslam İnkişaf Bankının, 5,7 %-i Avropa Yenidənqurma və İnkişaf Bankının, 3,7 %-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 8,2 %-i Asiya İnfrastruktur İnvestisiya Bankının, 16,1 %-i daxili kreditorların, 19,5 %-i isə digər kreditorların payına düşüb.