Azərbaycan beynəlxalq arenada: Ölkə başçısının mesajı

A- A A+

Sayca 55-ci olan və "Ağıllı əsr üçün əməkdaşlıq" devizi altında keçirilən Davos Dünya İqtisadi Forumunda Azərbaycanın fəal iştirak etməsi və Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı mediaları vasitəsilə bir sıra mühüm və aktual məsələlərə öz münasibətini bildirməsi ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir.

Bu sözləri NUHÇIXAN-a müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mövlan Məmmədov bildirib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Forumda iştirakı ölkəmizin və onun liderinin böyük nüfuza malik olmasının mühüm göstəricisidir. Forumda Prezident İlham Əliyev dövlət və hökumət başçıları, həmçinin böyük şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirmişdir. Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edərək regionun lider dövlətinə çevrilib və beynəlxalq nüfuzu günü-gündən artmaqdadır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, yaşıl enerji sahəsində də böyük potensiala malikdir və bu istiqamətdə fəaliyyətini inkişaf etdirir. Azərbaycan öz iqtisadiyyatını şaxələndirməkdə davam edir və qeyri-neft sektorunun inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda yer tutmaqdadır.

  Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması, sürətli inkişaf, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının diqqətini cəlb etməkdədir. Prezident İlham Əliyevin yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə bildirdiyi fikirlər Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerini, rolunu və əhəmiyyətini müəyyənləşdirməyə imkan verir. Müsahibədə əvvəlcə diqqəti son illərin ən mühüm nailiyyəti olan ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasına yönəldən dövlətimizin başçısı bildirdi ki, bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Bu, 30 il ərzində milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

Deputat əlavə edib ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra, həmçinin dövlət suverenliyini bərpa etdikdən sonra regionda yeni reallıqlar yaratdı. Azərbaycan bu gün böyük nüfuz və güc sahibi olaraq qlobal miqyasda qabaqcıl yerləri tutur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: