Azərbaycan xalqının Ümummilli Lideri, müdrik siyasətçi Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra dövlətçiliyimizin möhkəmləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması, iqtisadi-siyasi əlaqələrin qurulması sahəsində bir sıra taleyüklü addımlar atıldı ki, bu sırada ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin qurulması da prioritet sahələrdən biri idi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yeni dünyanın nəhəng iqtisadi gücünə çevrilməkdə olan Çin Xalq Respublikası ilə iqtisadi-siyasi, diplomatik, mədəni əlaqələrin qurulması sahəsində həyata keçirilən strategiya qısa zamanda bəhrələrini verməyə başladı.
Azərbaycan-Çin diplomatik əlaqələrinin qurumasında ilk addım Çin Xalq Respublikasının 27 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıması oldu. Ardınca iki ölkə arasında səfirliklərin qurulmasına başlanıldı. Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu diplomatiyanın bəhrəsi idi ki, 1994-cü il 7-10 mart tarixlərdə Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri gerçəkləşdi. Uğurlu səfər nəticəsində Heydər Əliyev bir sıra görüşlərin keçirilməsinə nail olmaqla yanaşı, ölkələrimiz arasında 8 əməkdaşlıq müqaviləsi imzalandı. Görüşdə Çin Xalq Respublikasının sədri Tszyan Tszemin bildirirdi ki, “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”. İkitərəfli münasibətlərin davamında 1996-cı il 17-18 aprel tarixlərdə Çin Xalq Respublikası Baş nazirinin müavininin Azərbaycana səfəri, 1997-ci il 27-30 avqust tarixlərdə Çin Xalq Respublikasının nümayəndə heyətinin Azərbaycana səfəri, 21-24 iyun 2000-ci il tarixlərdə Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfəri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı genişləndirməyə xidmət edirdi. Azərbaycan-Çin münasibətlərinin davamlılığı, eləcə də ölkəmizin beynəlxalq layihələrdə iştirakı, tərəfdaşlığı üçün önəmli addımlardan biri də 1998-ci il sentyabrın 8-də Bakıda TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə dair beynəlxalq konfrans keçirilməsi müdrik siyasətçi Heydər Əliyevin Böyük İpək Yolunun bərpası istiqamətində atdığı mühüm addım idi və Ulu Öndər ideyaları işığında sürətlə inkişaf edən ölkəmizdə Şərq-Qərb ticarət layihələrinin reallaşması istiqamətində yeni mərhələnin başlanğıcı hesab oluna bilərdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17-19 mart 2005-ci ildə Çin Xalq Respublikasına rəsmi səfərə getməsi, səfər çərçivəsində bir sıra ölkə, regional əhəmiyyətli layihələrin icrasını nəzərdə tutan müqavilələrin imzalanması ikitərəfli münasibətlərin yeni sferaya daşınmasına zəmin yaratdı. Dünyada geosiyasi maraqların həssas olduğu, “Yeni dünya nizamı”nın gündəmə gəldiyi bir vaxtda beynəlxalq aləmdə uğurlu diplomatik addımları ilə ölkəmizi dünya siyasətinin mərkəzi fiqurlarından birinə çevirməyi bacaran, qlobal əhəmiyyətli enerji, nəqliyyat, ticarət layihələrində Azərbaycanın maraqlarını uğurla qoruyan İlham Əliyev Azərbaycan-Çin əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm addımlar atdı.
İkitərəfli əlaqələrin səmərəli nəticəsidir ki, artıq 2022-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,2 milyard ABŞ dolları təşkil etmişdir, bu rəqəm ildən-ilə artmaqda davam edir. Ölkə Prezidentinin apardığı uğurlu diplomatiyanın nəticəsidir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkə kimi beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Çindən Avropaya, eləcə də əks istiqamətdə yük daşımalarını əhatə edəcək Çinin “Bir yol, bir kəmər” layihəsi, layihə çərçivəsində Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) xətti Azərbaycan-Çin münasibətlərinin perspektivləri ilə yanaşı, uğurlu gələcəyindən xəbər verir. İkitərəfli münasibətlərdə əhəmiyyətli məqamlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Belə ki, Çindən Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması Orta Dəhlizlə 12 günə yerinə yetirilir ki, bu da beynəlxalq ticarətdə Azərbaycanın rolunu artırır, Azərbaycan-Çin münasibətlərini daha da möhkəmləndirir. Azərbaycan-Çin münasibətlərində qarşılıqlı etimadın göstəricisi idi ki, COVİD-19 pandemiyası dövründə Çinin Azərbaycana vaksin yardımını mütəşəkkil qaydada həyata keçirdi. Dünya iqtisadiyyatında Çinin artan payı, nəhəng güc mərkəzinə çevrilməsi fonunda Azərbaycan-Çin münasibətlərinin artan templə davam etməsi ölkəmizin uğurlu xarici siyasətinin düzgün qurulmasının göstəricisidir. Qərbin sanksiyalarına baxmayaraq, Çinin sənaye istehsalında hər gün irəliləməsi, alternativ enerji layihələrində dünyada böyük pay sahibi olması Azərbaycanla ikitərəfli münasibətlərdə böyük perspektivlər vəd edir.
Ölkə Prezidenti İlham Əliyev Çinin CGTN telekanalına verdiyi müsahibədə ölkələrimiz arasındakı hərtərəfli əlaqələrin yeni perspektivləri müəyyənləşdi. İlham Əliyev müsahibəsində qeyd edir ki, “Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır”. Bu isə, öz növbəsində, yeni investisiya layihələrinin icrasına imkanlar açacaqdır. Perspektivlər isə bu cür ifadə olunur: “İnvestorlar üçün yaxşı investisiya mühitini yaratdıq. 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır”.
Ulu Öndər Heydər Əliyev ideyaları işığında sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, dünya ölkələri ilə qurulan siyasi, diplomatik əlaqələr səmərəli bərhəsini verməklə Azərbaycanı dünyanın nəhəng enerji, logistika mərkəzlərindən birinə çevirdi. Ölkəmizdə xalq-lider birliyinin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Ölkə Prezidenti İlham Əliyev Çinin CGTN telekanalına verdiyi müsahibəsində məhz bütün bu uğurların kökündə duran bir faktoru xüsusilə diqqət mərkəzinə çəkirdi: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır”.
ƏLİ HƏŞİMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı