Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında innovativ maliyyə məhsullarının məhdud şəkildə sınaqdan keçirilməsini nəzərdə tutan xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti başa çatıb.
NUHÇIXAN AMB-yə istinadən xəbər verir ki, artıq müraciətlərin ilkin qiymətləndirilməsinə başlanılıb.
Daxil olmuş 14 müraciət virtual aktivlər, kreditləşmə, eləcə də sığorta və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlıdır. Növbəti mərhələdə müraciətlərə baxılması və yekun qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından dəyərləndirilməsi aparılacaq və yekun qərar qəbul olunacaq.
Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını AMB ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək. Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi nəzərdə tutulub.
Xüsusi tənzimləmə rejiminin istehlakçıların hüquqlarının qorunması, maliyyə sektorunda formalaşa bilən potensial risklərin effektiv idarə edilməsi və ümumilikdə maliyyə sisteminə inamın yüksəldilməsi istiqamətinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.