Naxçıvanın yaşayış məntəqələri içməli su ilə tam təmin ediləcək - FOTOLAR
“Artıq muxtar respublika əhalisinin, demək olar ki, 50 faizdən çoxu Dünya Səhiyyə Təşkilatının normalarından da yüksəksəviyyəli su alır”, - NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib. Ölkə başçısı isə qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir. Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik. Azərbaycanın hər bir yerində içməli su-kanalizasiya layihələri icra edilir və qarşıya vəzifə qoyulubdur ki, bütün şəhərlərin su şəbəkəsi, kanalizasiya xətləri yenidən qurulsun. İşlərin böyük əksəriyyəti, demək olar ki, öz həllini tapıbdır. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu işlərə böyük diqqət göstərilir və beləliklə, bu önəmli sosial məsələ öz həllini tapmış olur.