Nazirlər Kabinetinin 24 fevral 2025-ci il tarixli qərarı ilə “Vergiödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilib.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.
Qeyd olunub ki, dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergiödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergiödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.
Qaydaların 2.1-ci bəndinin yarımbəndlərində qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18 faiz) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.
Müvafiq qaydalarda edilmiş digər mühüm dəyişiklik vergiödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, vergiödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11.30- dək olan ödənişlərin həmin gün DXA-ya təqdim olunması nəzərdə tutulurdu.
Müvafiq dəyişiklik vergiödəyicilərinin müraciətləri əsasında həyata keçirilib. Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Nəticədə, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergiödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.