NUHÇIXAN İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərinin vergi sahəsində könüllü bəyanetmə səviyyəsi 99,5 %, könüllü əməletmə isə 99,1 % təşkil edib.
"Son illər aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləmə alətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinin inkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə vergi nəzarəti tədbirləri minimuma endirilib. Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıq subyektlərinin vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib.
Muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. Ötən il Naxçıvanda vergi daxilolmaları əvvəlki illə müqayisədə 37,6 % artaraq 226,6 milyon manat təşkil edib. Bu, proqnozdan 30,2 % çoxdur", - deyə məlumatda qeyd olunub.