Türk dünyasına yeni töhfə: Naxçıvan qovşaq rolunu gücləndirir

A- A A+

Ötən gün Ankarada Azərbaycan və Türkiyə Prezidentlərinin rəhbərliyi ilə videoformatda İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu. Bu kəmərin açılışı Naxçıvanın enerji müstəqilliyini təmin etməklə yanaşı İrandan asılılığını da demək olar ki, sonlandıracaq. Bununla yanaşı 100 ildən çoxdur Azərbaycanın əsas hissəsindən ayrı qalan və Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən işğalına hazırlaşılan Naxçıvan bütün qapıları açaraq bölgənin cövhərinə çevrilir.

Ölkə başçısı çıxışında qeyd etdi ki, umummilli lider Heydər Əliyevin o zaman Naxçıvana rəhbərliyi, Naxçıvanlıların canları bahasına düşmənə yol verməməsi və qardaş Türkiyənin dəstəyi ilə Naxçıvan ayaqda durdu. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanda “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərində hər sahədə böyük irəliləyiş olduğunu bildirdi.

 Naxçıvanın enerji çətinliyi çəkməyəcəyinə dair açıq mesaj

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edən strateji layihədir. Bu kəmər Azərbaycan qazını Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana nəql edəcək ki, Naxçıvan bu problemdən birdəfəlik xilas olaraq bölgədə sabitliyi və iqtisadi inkişafı dəstəkləyəcək.

Prezident Ərdoğan bildirdi ki, gündəlik 2 milyon kubmetrə qədər qaz nəqletmə qabiliyyətinə malik bu kəmər Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək. Bu da Naxçıvanın gələcəkdə enerji ilə bağlı çətinlik çəkməyəcəyinin açıq mesajıdır. Həmçini Prezidentlərin Bakı-Tbilisi-Ceyhan, TANAP və digər enerji layihələrinə istinad etməsi onu göstərir ki, İğdır-Naxçıvan kəməri enerji strategiyasının bir hissəsidir. Bu cür layihələr Türk dünyasının birləşməsi kontekstində böyük önəm daşıyır.

Türk dünyasına sıx inteqrasiya

Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-qars dəmir yolu həm ölkəmiz üçün, həm də Türk dünyasını birləşdirmək üçün böyük nəqliyyat bağlantısıdır. Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində Türk dünyasının birləşməsi üçün ortaq maraqlar və ortaq tarix üzərində əlaqələr quruldu, dostuqlar yarandı, münasibətlər daha da qırılmaz oldu. Prezidentlər tribunadan Türk dünyasının daha sıx inteqrasiyasını dəstəklədiklərinin açıq aydın mesajını verdilər. Buradan həm də Azərbaycanın və Türkiyənin Orta Asiya ilə nəqliyyat və enerji əlaqələrini gücləndirmək niyyətində olduqlarını bildirdilər.

                  Ermənistana dolayı siyasi mesajlar

Ermənistanın Zəngəzur dəhlizi məsələsində nala-mıxa vuraraq zaman qazanması fonunda Bakı və Ankara öz alternativ yollarını qurmağa, real layihələri həyata keçirməyə davam edirlər. Bölgədə yeni enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycan və Türkiyənin dominant mövqeyini daha da gücləndirir. Verilən mesajlar fonunda demək olar ki, bəzilərinin xəyal etdikləri artıq reallaşır.

Ölkə başçısı çıxışında Azərbaycanın qaz ixracını 25 milyard kubmetrə çatdırdığını və 10 Avropa ölkəsinə qaz satdığını bildirildi. Bu da artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas simalardan birinə çevrildiyini göstərir. İğdır-Naxçıvan qaz kəməri təkcə enerji layihəsi deyil, həm də mühüm siyasi və geostrateji addımdır. Bu layihə Türkiyə-Azərbaycan ittifaqının gücünü, bölgədə yeni reallıqların formalaşdığını əyani şəkildə göstərir.

 Ermənilərin Naxçıvanı 1920-ci ildə Azərbaycandan qoparması və bölgəyə qarşı daim düşmən mövqe sərgiləməsi, Zəngəzur dəhlizi məsələsini min bir hiylə ilə gecikdirməsi bu ölkənin xainlikdən heç zaman əl çəkməyəcəyinə sübutdur. Türkiyə Prezidenti də Türkiyə və Azərbaycanın bölgədə sülh və əməkdaşlıq tərəfdarı olduğunu, lakin lazım gələrsə güc nümayiş etdirəcəyini bildirdi. Bu da “başadüşən” Ermənistan üçün gələcəkdə destruktiv addımlardan çəkinməsi üçün açıq mesajdır.

    Bayram-bayrama qarışdı

Ölkə başçsının da dediyi kimi, Ramaz ayında Naxçıvanlılar bu mərasimi də bayram kimi qeyd etdi. Necə etməyə bilər ki, Naxçıvan sakinləri blokada şəraitində olmazın əziyyətini çəkib qara günlərdən qətrə-qətrə ağ günlərə çıxıblar. Necə ki, əvvəllər Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərqlə Qərb arasında qapı rolunu oynayıbsa indi də, Türkiyə və Azərbaycan arasında qovuşaq rolunu oynayaraq Türk dünyasına açılan qapı olacaq!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: