Martın 5-də Ankarada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində videobağlantı formatında iştirak etdilər.
İğdır-Naxçıvan qaz boru xəttinin çəkilməsi iqtisadi mahiyyəti ilə yanaşı, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəmir yolunun keçdiyi Zəngəzur dəhlizi 1992-ci ildən birdəfəlik bağlanıb. Nəticədə Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilib. İğdır-Naxçıvan qaz boru xəttinin çəkilişi muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq.
Eyni zamanda Türkiyə-Azərbaycan enerji əməkdaşlığını dahada gücləndirəcək. Boru xəttinin işə düşməsi ilə Naxçıvan Muxtar Respublikası daha sabit və etibarlı enerji təchizatı ilə tam təmin olunacaq.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Onu da qeyd edim ki, enerji layihələri ilə yanaşı, nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bu layihələr Türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir və regionda yeni imkanlar açır.
Bu möhtəşəm layihənin reallaşmasına görə Azərbaycan və Türkiyə dövlət başçılarına dərin minnətdarlığımızı bildiririk.
Üzeyir MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı