Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir.
NUHÇIXAN aeroporta istinadən xəbər verir ki, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.
Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər.
Avropa istiqamətində Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt, Yaxın Şərq istiqamətində Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat, Türkiyənin İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman, Mərkəzi Asiyanın Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd, Cənubi Asiyanın Dehli, Mumbay, Lahor, İslamabad, Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Əbu-Dabi, Şarja və Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx kimi digər istiqamətlərə uçuşlar həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.