Naxçıvanda Hərracların Təşkili Mərkəzi istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin 29-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin binasının açılışı olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış tədbirində iştirak edib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.

Nazirliyin binasında yeni yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, foyedə Heydər Əliyev guşəsi yaradılıb, giriş və çıxışlara operativ nəzarət edilməsi məqsədilə turniket sistemləri quraşdırılıb. Həmçinin müasir standartlara cavab verən iclas zalı, vətəndaşların qəbulu otağı qurulub, iş otaqları müasir ofis mebelləri və avadanlıqlarla təchiz edilib. İclas zalında quraşdırılan interaktiv monitor görüş və tədbirlərin daha effektiv keçirilməsini təmin edir. Nazirliyin vətəndaşların qəbulu otağında daha yüksək xidmət keyfiyyəti və təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə səsyazan kamera və monitor quraşdırılıb.

Hərracların Təşkili Mərkəzinin açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycanın davamlı inkişaf modelinin tərkib hissəsi olan Naxçıvanda həyata keçirilən sistemli islahatların və sosial-iqtisadi layihələrin iqtisadi münasibətlərin müasirləşdirilməsinə və şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bildirib ki, bu siyasətin növbəti təzahürü olan “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin yaradılması da məhz bu məqsədlərə yönəlmiş əhəmiyyətli addımdır. Mərkəzin fəaliyyəti muxtar respublikada şəffaf iqtisadi mühitin formalaşmasına, sahibkarlığın inkişafına və səmərəli idarəetmənin təmininə mühüm töhfə verəcək.

Muxtar respublikanın bugünkü iqtisadi inkişaf dinamikasının qürurverici göstəricilərlə müşahidə olunduğunu diqqətə çatdıran Fuad Nəcəfli qeyd edib ki, 2025-ci ilin yanvar-mart aylarında ümumi daxili məhsulun həcmi 344 milyon 310 min 200 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artım nümayiş etdirib. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 730,7 manat olmaqla, 0,6 faiz artıb. İnfrastrukturun yenilənməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb, əsas kapitala yönəldilən vəsait 42,3 faiz artaraq 43 milyon 60 min 900 manat təşkil edib, tikinti-quraşdırma işlərinə 29 milyon 843 min 400 manat sərf olunub. Bu da Naxçıvanda yeni sənaye, xidmət və sosial obyektlərin sürətli inkişafını təmin edir.

Səlahiyyətli nümayəndə bildirib ki, bu reallıqlar Naxçıvanın inkişafına yönəlmiş 2023-2027-ci illər üçün Dövlət Proqramının uğurla icra olunduğunu göstərir. Həmin proqram çərçivəsində Naxçıvanın iqtisadi potensialı daha da gücləndirilir, innovativ təşəbbüslərə geniş meydan açılır. Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvanın regional və beynəlxalq iqtisadi proseslərdə rolu daha da artacaq, sənaye parkları və yeni yaradılan müəssisələr Orta Dəhlizin yeni seqmenti kimi fəaliyyət göstərəcəkdir.

Fuad Nəcəfli mərkəzin yaradılması münasibətilə hər kəsi təbrik edib, yeni fəaliyyətə başlayan mərkəzin kollektivinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyində və onun strukturlarında elektron informasiya sistemlərinin yaradılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edib ki, nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən 190 dövlət xidmətinin 110-u elektronlaşdırılıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və onun tabeli qurumları tərəfindən istifadə olunan 16 informasiya sistemindən 9-u Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və tabeli qurumları ilə inteqrasiya olunub. Nazirliyin fəaliyyətində rəqəmsallaşmanın sürətləndirilməsi və sənəd dövriyyəsinin optimallaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu sistemlər idarəetmə proseslərini daha şəffaf, sürətli və səmərəli edəcək. Bu məqsədlə hazırda daxili sənəd dövriyyəsinin elektron əsasda qurulması işləri aparılır və işlər başa çatdıqdan sonra Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya təmin ediləcək. Nazirlik tərəfindən vətəndaşlara rəsmi internet səhifəsi vasitəsilə yeni elektron xidmətlərin təqdim olunması istiqamətində də işlər aparılır.

Nazir müavini, həmçinin “Vətəndaşların şifahi müraciəti” modulu və nazirliyin strukturuna daxil olan qurumlarda tətbiq olunan informasiya sistemləri barədə də məlumatları təqdim edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini icra edən Müslüm Cabbarzadə “Naxçıvanda hərracların təşkili: müasir inzibatçılıq və şəffaflaşma” mövzusunda məlumat verib, mərkəzin binasında aparılan yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Hərracların Təşkili Mərkəzinin inzibati binası ilə tanışlıq olub. Məlumat verilib ki, mövcud binada geniş təmir və yenidənqurma işləri aparılıb. Binanın fasadı və daxili hissəsi modern üslubda təmir edilərək müasir ofis mebelləri ilə təchiz olunub. Mərkəzin dizaynı yalnız estetik baxımdan deyil, funksionallıq baxımından da yüksək səviyyədə qurulub. Burada iştirakçılar üçün rahat, əlçatan və texnologiya ilə inteqrasiya olunmuş mühit yaradılıb. İclas zalı müasir multimedia vasitələri ilə təmin olunub, elektron hərracların keçirilməsi üçün monitorlar quraşdırılıb. Elektron hərrac proqram təminatı istifadəyə verildikdən sonra iştirakçılara veb-tətbiq və istifadəçi interfeysi vasitəsilə təklif vermək imkanı yaradacaq. Bu isə hərrac proseslərinin operativliyini təmin edəcək, dövlət və bələdiyyə büdcələrinə daxilolmaları artıracaq, özəl sektorun inkişafına, iqtisadi aktivliyin artmasına və ümumilikdə, iqtisadiyyatın sağlamlaşdırılmasına mühüm töhfə verəcək.

Sonda xatirə fotosu çəkdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: