2025-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.
Nazir müavini qeyd edib ki, Fondun güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib: "Bu layihələr hesabına 63 yeni iş yerinin açılması imkanı yaranıb. Maliyyələşdirilmiş güzəştli kreditlərin 12 faizi Naxçıvan şəhərinin, 88 faizi isə regionların payına düşüb.
Abbas İsmayılov bildirib ki, Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə 2025-ci il ərzində 25 milyon manatadək maliyyələşdirilmə hədəflənib.