COP29-un prezidenti, Azərbaycan Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Nepalın paytaxtı Katmanduda keçiriləcək "Sambad Sagarmatha" iqlim məsələləri üzrə beynəlxalq sammitdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Nepal KİV-ləri məlumat yayıb.
M.Babayev beş nəfərlik nümayəndə heyəti ilə birlikdə mayın 15-dən 18-dək Nepalda səfərdə olacaq.
Səfər çərçivəsində o, sammitin təntənəli açılışında çıxış edəcək, həmçinin Nepal Prezidenti Ramaçandra Paudel, Baş nazir Şarma Oli, xarici işlər naziri Arzu Rana Deuba, meşə və ətraf mühit naziri Ayn Bahadur Şahi ilə görüşlər keçirəcək.
Daha əvvəl bildirilmişdi ki, Azərbaycanın beynəlxalq sammitdə iştirakını xarici işlər nazirinin müavini Elnur Məmmədov və Nepalın XİN başçısı Arzu Rana Deuba Azərbaycan hökumət nümayəndə heyətinin Katmanduya səfəri çərçivəsində müzakirə ediblər.
Nepal hökuməti mayın 16-dan 18-dək "İqlim dəyişikliyi, dağlar və bəşəriyyətin gələcəyi" mövzusunda ilk "Sambad Sagarmatha" sammitini keçirəcək. Tədbir ölkənin davamlı inkişaf və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində çoxtərəfli dialoqu gücləndirməyə sadiqliyini nümayiş etdirəcək.