NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” mövzusunda onlayn təlim keçirilib. Təlimdə 33 dövlət orqanından 49 məsul şəxs iştirak edib.
Tədbirin açılışında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Qanunvericiliyin və proqramların icrasına nəzarət şöbəsinin müdiri Zakir Məmmədov çıxış edərək təlimin məqsədi, dövlət investisiya proqramlarının əhəmiyyəti və yenilənmiş qaydaların tətbiqi ilə bağlı məlumat verib. Təlimdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları yeni redaksiyada təsdiq olunub.
Yeni Qaydalar çərçivəsində dövlət investisiya layihələrinin planlaşdırılması, maliyyələşdirilməsi, icrası, monitorinqi və nəticələrinin qiymətləndirilməsi üzrə mexanizmlər, standartlar və prosedurlar təkmilləşdirilib. Eyni zamanda, layihələrin seçimi və prioritetləşdirilməsində iqtisadi səmərəlilik, sosial təsir və dayanıqlılıq kimi əsas prinsiplərin nəzərə alınması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Təlimdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiyaları şöbəsinin müdir müavini İlkin Quliyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyalar və monitorinq şöbəsinin sektor müdiri Nicat Həşimov tərəfindən yeni Qaydalar çərçivəsində layihə konsepsiya sənədinin hazırlanması, ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi əsaslandırma mərhələləri, investisiya layihələrinin tərtibi və qiymətləndirilməsi, eləcə də proqrama daxil edilən layihələrin icrasının monitorinqi və qiymətləndirilməsi üzrə metodoloji yanaşmalar barədə ətraflı təqdimatlar keçirilib, iştirakçılara aidiyyəti izahlar verilib.
Təlimin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi təşkil olunub.
Qeyd edək ki, belə təlimlərin təşkili dövlət proqramlarının icrasına məsul olan qurum əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, eyni zamanda icra mexanizmlərində vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.