Vüqar Bayramov: "Azərbaycan regional “orta güc” dövlətinə çevrilib"

A- A A+

2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 % böyüyüb ki, bu da 3,2 %-lik qlobal iqtisadi artımı xeyli üstələyir.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

O qeyd edib ki, türk dövlətləri 2,11 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsulla (ÜDM) qlobal iqtisadiyyatda 1,8 % paya sahibdirlər. Bundan başqa, ötən il türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 %-i deməkdir.

"Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verir. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan tərəfdaş ölkələrlə enerji əməkdaşlığını gücləndirməkdədir: “2024-cü ildə Azərbaycanın Avropaya təbii qaz ixracının həcmi 8,6 % artaraq 12,9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü illə müqayisədə hasilat 2 milyard kubmetr artıb. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan 12 ölkəyə "mavi yanacaq" nəql edir. Bu isə bir tərəfdən dövlət gəlirlərini artırır, digər tərəfdən ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu, həm də Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanları deməkdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: