"AJet" İstanbulla Naxçıvan arasında bir körpü rolunu oynayacaq.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.
"Bu gün "AJet" şirkətinin Naxçıvan beynəlxalq hava limanına ilk uçuşu baş tutdu. Bu əlamətdar hadisənin xeyirli və uğurlu olmasını diləyirəm. "AJet" satış başqanı Macit Bayarbeyə Naxçıvana xoş gəldiyini deyirəm. Bildiyiniz kimi, uzun illərdir "Türk Hava Yolları" Naxçıvana uçuşlar həyata keçirirdi. Bu gündən etibarən isə bu vəzifəni "AJet" davam etdirəcək. Həftədə iki dəfə — çərşənbə axşamı və şənbə günləri olmaqla İstanbul-Naxçıvan-Gəncə marşrutu üzrə reyslər təşkil olunacaq", - deyə o qeyd edib.
Konsul həmçinin qeyd edib ki, hava məqliyyatı xalqları və ölkələri bir-birinə yaxınlaşdıran vacib bir ünsürdür: "Ümid edirəm ki, "AJet"də münasib qiymətlərlə İstanbul ilə Naxçıvan arasında bir körpü rolunu oynayacaq və onsuz da bir-birinə yaxın olan xalqlarımızı daha da yaxınlaşdıracaq. Bizim əsas gözləntimiz, bu uçuşların sayının həftədə iki dəfə ilə məhdudlaşmaması, gələcəkdə daha sıx və birbaşa reyslərin həyata keçirilməsidir. İnşallah, yaxın zamanda Naxçıvandan birbaşa İstanbul uçuşları da baş tutar. Bu yeni addımın Naxçıvanımız və ölkəmiz üçün xeyirli olmasını diləyirəm. Əməyi keçən hər kəsə təşəkkür edirəm".