Regional inkişaf trayektoriyası: nailiyyətlər və gələcəyə baxış - FOTOLAR
Müasir dövlət idarəçiliyində regionların sosial-iqtisadi inkişafı mühüm prioritetlərdən biri kimi çıxış edir. Regionların bərabər inkişafının təmin olunması, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, iqtisadi aktivliyin bütün ölkə üzrə balanslı şəkildə yayılması bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqsədlərindəndir.
Azərbaycan Respublikasında regionların inkişafı siyasəti kompleks və mərhələli yanaşmaya əsaslanmaqla uzunmüddətli dövlət proqramları çərçivəsində həyata keçirilir. İlk dəfə 2004-cü ildə qəbul olunan və sonrakı illərdə davam etdirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin iqtisadi, sosial və infrastruktur potensialının gücləndirilməsində ciddi rol oynamışdır.
İnfrastruktur quruculuğu və sənaye təşəbbüsləri
Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş 4 dövlət proqramı çərçivəsində regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil etmişdir. Bu vəsaitlər əsasən infrastruktur sahələrin inkişafına yönəldilmişdir.
Bu çərivədə həyata keçirilən tədbirlər nəticəsində yeni yollar, elektrik, qaz və su xətləri çəkilmiş, minlərlə ailənin sosial şəraiti yaxşılaşdırılmışdır. Kəndlərdə və rayon mərkəzlərində məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, digər sosial obyektlər inşa olunmuş və ya bərpa edilmişdir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunel istifadəyə verilmişdir. 8 hava limanı tikilmiş və ya yenidən qurulmuşdur. 3300-dən çox məktəb, 450-dən çox uşaq bağçası və 550-dən çox tibb müəssisəsi inşa edilmişdir. 41 Olimpiya İdman Kompleksi tikilmiş və ya təmir olunmuşdur. Əlbəttə ki, bu siyahını uzatmaq və daha geniş şəkildə təqdim etmək mümkündür.
Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün aqroparklar, emal müəssisələri və logistika mərkəzləri yaradılmış, kənd əhalisinin istehsal etdiyi məhsulların bazara çıxışı asanlaşdırılmışdır. Dövlət proqramları çərçivəsində sənaye zonalarının və iqtisadi klasterlərin yaradılması regional iqtisadiyyatın dayanıqlılığını artıran mühüm amillərdən birinə çevrilmişdir.
Bunun nəticəsidir ki, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt və digər sənaye mərkəzlərində fəaliyyət göstərən müəssisələr yerli əhalinin məşğulluq imkanlarını artırmaqla yanaşı, daxili bazarın ehtiyaclarının ödənilməsində və ixrac potensialının güclənməsində əhəmiyyətli yer tutur.
Rəqəmsal və sosial xidmətlərin regionlara inteqrasiyası
Rəqəmsallaşma prosesləri regionların sosial-iqtisadi inkişafının mühüm komponentlərindən biridir. Elektron hökumət, internet üzərindən xidmətlər, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, regionlarda “ASAN xidmət” mərkəzlərinin yaradılması əhalinin dövlət xidmətlərinə əlçatanlığını artırmış, vətəndaş məmnuniyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Regionlarda yeni təhsil müəssisələri, universitetlər yaradılmış, gənclərin təhsil alması, asudə vaxtlarının səmərəli təşkili və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Son 20 ildə regionlarda iki universitet, bir institut, səkkiz universitet filialı olmaqla on ali təhsil müəssisəsi yaradılmış və fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmış Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərdə yaradılan ilk universitetdir.
Yeni regional inkişaf mərhələsinin başlanğıcı
Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünün bərpası yeni iqtisadi və sosial inkişaf mərhələsinin başlanğıcı olmuşdur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur əraziləri artıq suveren Azərbaycanın regional inkişaf xəritəsində strateji bölgələr kimi formalaşır. Bu ərazilərin dirçəldilməsi, əslində, bütün ölkənin iqtisadi xəritəsini yenidən cızır və yeni inkişaf modelinin tətbiqini zəruri edir.
İşğaldan azad edilmiş ərazilərin bərpası ilə regionların inkişafı sahəsində yeni bir mərhələ başlanmışdır. Ölkə Prezidentinin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma işləri “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarına əsaslanır.
Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada ənənəvi inkişaf üsulları deyil, müasir və innovativ yanaşmalardan istifadə olunur. Bu yanaşma gələcəkdə ölkənin digər bölgələrinə də tətbiq oluna biləcək innovativ regional inkişaf modelinin əsasını təşkil edir.
Ağıllı və dayanıqlı infrastrukturun qurulması
Bu model çərçivəsində infrastruktur tamamilə yenidən, müasir texnologiyalara əsaslanaraq qurulur. Artıq Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi uğurla həyata keçirilmişdir. Burada yaşayış evləri, məktəb, klinika, iş yerləri və enerji sistemləri “smart texnologiyalar”la təchiz olunmuşdur. Bu nümunə, bölgədəki digər yaşayış məntəqələri üçün də model kimi istifadə olunacaqdır. Artıq Füzuli rayonunun Dövlətyarlı, Ağdam rayonunun Baş Qərvənd kəndlərində “Ağıllı kənd” layihələrinin icrası istiqamətində işlər aparılır.
Eyni zamanda Laçın, Füzuli, Şuşa və Kəlbəcər rayonlarında irimiqyaslı infrastruktur layihələri icra olunur, yollar, su anbarları, elektrik xətləri, dəmir yolları inşa edilir. Bu da regionun nəqliyyat-logistika baxımından mühüm qovşağa çevrilməsinə imkan yaradır.
Yaşıl enerji zonası – ekoloji və iqtisadi sintez
Qarabağ və Şərqi Zəngəzurun inkişafında əsas prioritetlərdən biri ekoloji baxımdan təmiz, yaşıl iqtisadiyyat modelidir. Bu regionda bərpa olunan enerji mənbələri – günəş və külək enerjisi üzrə böyük potensial mövcuddur. Mütəxəssislər tərəfindən sözügedən ərazilərdə günəş və külək enerjisi potensialı 10 qiqavat gücündə qiymətləndirilir.
Ölkə Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamı ilə həmin bölgələrdə “yaşıl enerji” zonasının yaradılması üçün müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Zəngilan və Cəbrayıl rayonlarında artıq günəş elektrik stansiyalarının tikintisi ilə əlaqədar işlərə başlanılmışdır. Bu layihələrin reallaşdırılması yerli enerji təminatının yaxşılaşdırılması ilə yanaşı ölkənin enerji ixrac qabiliyyətini də artıracaqdır. Azərbaycan dövlətinin imzaladığı beynəlxalq enerji müqavilələri Qarabağın “yaşıl enerji mərkəzi” kimi formalaşmasında mühüm rol oynayır.
Sosial-iqtisadi dirçəliş və əhalinin məskunlaşdırılması
Yeni regional model yalnız iqtisadi göstəricilərlə deyil, həm də insan amili ilə ölçülür. Dövlət, azad edilmiş ərazilərdə müasir yaşayış infrastrukturu inşa edir, əhalinin dogma yurda qayıdışı üçün lazımi şərait yaradır. Qayıdış proqramı çərçivəsində minlərlə insan öz ata-baba torpaqlarına qayıdıb və bu proses davam edir. Bərpa olunan hər bir kənd və şəhər, əslində, suverenliyin, sosial bərabərliyin və milli həmrəyliyin iqtisadi təzahürüdür.
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi sistemə reinteqrasiyası yerli resursların iqtisadi dövriyyəyə daxil edilməsi, ixrac potensialının genişlənməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından böyük imkanlar açır. Bu bölgələr həm də sərhəd ticarəti, tranzit, logistika, turizm və sənaye baxımından yeni iqtisadi mərkəzlərə çevriləcəkdir. Beləliklə, bu ərazilərin inkişafı təkcə lokal deyil, ümumrespublika səviyyəsində iqtisadi artıma birbaşa töhfə verəcəkdir.
Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni regional inkişaf trendi Azərbaycanın gələcək iqtisadi strategiyasının avanqardı kimi çıxış edir. Burada tətbiq edilən smart və yaşıl texnologiyalar, habelə insan mərkəzli idarəetmə modeli bütövlükdə ölkəmizin digər regionlarına da nümunə olacaqdır. Bu model, dayanıqlı, rəqabətqabiliyyətli və innovativ iqtisadiyyatla Azərbaycanı gələcəyə aparan yol xəritəsidir.
Naxçıvan: yeni iqtisadi reallıqlar və prioritetlər
Azərbaycanın çoxəsrlik tarixində özünəməxsus yeri olan, zəngin ictimai-siyasi və elmi-mədəni irsə, geosiyasi əhəmiyyətə malik regionlarından biri də Naxçıvan Muxtar Respublikasıdır. Ulu Öndər hakimiyyətinin bütün dövrlərində Naxçıvanı daim diqqətdə saxlamış, muxtar respublikanın tərəqqisi ilə bağlı ən vacib qərarların təşəbbüskarı və müəllifi olmuşdur. Naxçıvan uzun müddət ağır blokada şəraitində yaşasa da, cənab Prezidentin davamlı diqqət və qayğısı sayəsində ölkənin ümumi inkişaf xəttindən geri qalmamışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın inkişafı, yeni müəssisə və obyektlərin yaradılması, infrastrukturun yenilənməsi ilə nəticələnmişdir.
Bundan əlavə, hər il Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı ayrıca qərarlar qəbul edilmişdir. Təkcə son 5 il ərzində ölkə Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını tənzimləyən 10 Fərman və Sərəncam imzalanmışdır.
Şərur Sənaye Məhəlləsinin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2019-cu il tarixli Fərmanı ilə Naxçıvanda ilk sənaye məhəlləsinin yaradılmasına başlanmışdır.
Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2021-cin il tarixli Sərəncamı mühüm sosial və iqtisadi əhəmiyyətli infrastruktur sahəsinin inkişafına hədəflənmişdir. Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Sərəncamı muxtar respublikanın yaşıl enerji potensialının iqtisadi dövriyyəyə daxil edilməsi istiqamətində mühüm addımdır.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2022-ci il tarixli Fərmanı Naxçıvan üçün olduqca böyük əhəmiyyətə malik yeni və şaxələndirilmiş kommunikasiya infrastrukturunun reallaşdırılmasına xidmət edir.
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə müvafiq sahələrdə yeni idarəetmə modellərinin tətbiqinə başlanmışdır.
Naxçıvan Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-ü il tarixli Fərmanı ilə Naxçıvan şəhərindən 12 kilometr cənub-qərbdə, Naxçıvan–Sədərək avtomagistralı üzərində 310 hektar torpaq sahəsi ayrılmış, ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə vəsait ayrılmışdır.
Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının icrası yaxın gələcəkdə Naxçıvanda elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcəkdir.
Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsi qaz təsərrüfatının sağlamlaşdırılması və dayanıqlı qaz təminatının həyata keçirilməsi üçün mühüm addımdır.
Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 mart 2025-ci il tarixli Sərəncamı Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin inkişafı üçün mühüm töhfə verəcəkdir.
Sərəncamla sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd belə avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 33 milyon 449 min manat vəsait ayrılmışdır.
Regionun sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı isə regionun inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.
Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.
Bu məqsədə nail olmaq üçün 2023–2027-ci illər üzrə 11 prioritet istiqamət müəyyən olunmuş, Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün ədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcəkdir.
İğdır-Naxçıvan qaz kəməri
Azərbaycanın uğurlu enerji diplomatiyası regionda güc balansını yenidən formalaşdırmışdır. Artıq Azərbaycan nefti və qazı Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Ötən il ölkəmizin qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Bu həcmin yarıya qədəri qardaş Türkiyə, qalan hissəsi 10 Avropa ölkəsi də daxil olmaqla, ümumilikdə, 12 ölkəyə ixrac edilmişdir.
Bununla bərabər, ölkənin regionlarının, xüsusilə də eksklav şəraitə malik Naxçıvan Muxtar Respublikasının etibarlı enerji təminatı prioritet məsələ kimi diqqətdə saxlanılmışdır. Bunun bariz nümunəsi olan və bir müddət əvvəl açılış mərasiminə şahidlik etdiyimiz İğdır-Naxçıvan qaz kəməri dayanıqlı enerji təminatı, həm də türk dünyasının bütövlüyünə və güclənməsinə xidmət missiyasını yerinə yetirir.
Ötən illər ərzində reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi nəhəng enerji layihələri iki qardaş ölkə arasında iqtisadi bağlılığı daha da möhkəmləndirmişdir.
İğdır-Naxçıvan qaz kəməri isə bu uğurlu enerji əməkdaşlığının yeni mərhələsidir. Cəmi 97,5 kilometr uzunluğu olan və gündəlik 2 milyon kubmetr qaz nəql etmək gücünə malik kəmər muxtar respublikanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun iqtisadi inkişafına da ciddi təkan verəcəkdir.
Bu kəmər vasitəsilə Naxçıvan svop mexanizmi ilə Türkiyə üzərindən Azərbaycan qazını alacaq və bununla da enerji təchizatında bir mənbədən asılılıq faktoruna son qoyulacaqdır.
Yeni layihə muxtar respublikanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, onun sənaye potensialını da gücləndirməyə dayanıqlı enerji təminatı yaradacaqdır. Naxçıvanda istehsal sahələri genişlənəcək, investisiya qoyuluşu artacaq və sosial rifah daha da yüksələcəkdir.
Digər mühüm məqam isə geosiyasi perspektivdir. Azərbaycan və Türkiyə arasında energetika sahəsindəki əməkdaşlıq bu layihə ilə yeni mərhələyə yüksəlir və regionun enerji xəritəsində tarixi bir dönüş nöqtəsinə çevrilir.
Zəngəzur dəhlizi
Gələcəyə baxarkən regional inkişaf trayektoriyasının ən mühüm istiqamətlərindən birininin Zəngəzur dəhlizi olacağı şübhəsizdir.
Tarixi zəfərimizin doğurduğu reallıqlardan irəli gələn və Prezident İlham Əliyev tərəfindən siyasi leksikona əlavə edilmiş Zəngəzur dəhlizi regionun nəqliyyat və ticarət xəritəsini tamamilə dəyişəcək strateji bir layihədir.
Bu layihənin reallaşması həm ölkəmiz, həm region dövlətləri, həm də daha geniş geosiyasi məkan üçün mühüm nəticələr doğuracaqdır.
Əvvəla, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantını təmin etməklə, uzun illər davam edən kommunikasiya blokadasına son qoyacaqdır. Bu, həm Naxçıvanın sosial-iqtisadi inkişafına, həm də əhalinin rahatlığına birbaşa təsir göstərəcəkdir.
İkincisi, bu dəhliz Orta Dəhliz adlanan beynəlxalq nəqliyyat marşrutunun bir hissəsinə çevriləcəkdir. Çin, Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya qədər uzanan ticarət yollarının mühüm bir qovşağı Zəngəzurdan keçəcəkdir. Bu isə ölkəmizin tranzit potensialını gücləndirəcək və beynəlxalq nüfuzunu daha da artıracaqdır.
Üçüncüsü, dəhlizin açılması regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək, Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı əlaqələri gücləndirəcək, sabitlik və inkişafa yol açacaqdır.
Eyni zamanda, dəhliz yeni iş yerlərinin yaradılması, infrastrukturun inkişafı və turizm imkanlarının genişlənməsi baxımından da mühüm rola malik olacaqdır. Bu, təkcə iqtisadi deyil, həm də sosial rifahın yüksəlməsi deməkdir.
Qars-İğdır-Naxçıvan dəmir yolu
Regional inkişaf trayektoriyasının yaxın gələcəkdə reallaşacaq daha bir hissəsi isə Qars-İğdır-Naxçıvan dəmir yoludur. Bu layihə Zəngəzur dəhlizinin bir hissəsidir. Qars–Naxçıvan dəmir yolu Azərbaycan və Türkiyə arasında yeni nəqliyyat bağlantısı yaratmaqla eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcəkdir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaqdır.Beləliklə bu layihə sadəcə bir nəqliyyat infrastrukturu deyil, tarixi, iqtisadi və strateji baxımdan çoxşaxəli bir təşəbbüs kimi dəyərləndirilməlidir.
Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometr omaqla 5 il ərzində tamamlanması planlaşdırılır. Bu layihə Naxçıvanın iqtisadi inkişafı üçün mühüm bir mərhələdir. Yeni dəmir yolu xətti ilə muxtar respublikaya yük və sərnişin axını artacaq, bu da yerli biznesin canlanmasına, yeni iş yerlərinin açılmasına və xidmət sektorunun genişlənməsinə səbəb olacaqdır.
İran İslam Respublikasının ərazisi vasitəsilə kommunikasiyalar
İran İslam Respublikası ilə imzalanmış anlaşma memorandumuna uyğun olaraq Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısı imkanı əldə ediləcəkdir. Bu yol Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaqdır.
İnşası davam etdirilən Horadiz–Ağbənd dəmir yolu xətti regionun əsas nəqliyyat xətlərindən biri olmaqla yanaşı, həm müxtəlif nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, həm də beynəlxalq yükdaşımaların səmərəli təşkili üçün yeni imkanlar yaradacaqdır.
Layihələrin reallaşması ilə ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılması, logistik imkanların genişlənməsi və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılması mümkün olacaqdır.
Naxçıvan: yaşıl enerji layihələri
Ölkənin regional inkişaf trayektoriyasında Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür.
Naxçıvan Muxtar Respublikasında günəş və külək elektrik stansiyalarının quraşdırılması üçün 8 min hektara yaxın kənd təsərrüfatına yararsız torpaqlar bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmişdir.
2023-cü ilin iyun ayında “Bakı Enerji Həftəsi-2023” çərçivəsində Naxçıvanda keçirilən “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyada “Total Energies” və “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 meqavat olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanmışdır. Bu güclərin 650 meqavatı məhz Naxçıvanda yaradılacaqdır. Nəzərdə tutulan yaşıl enerji layihələri həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirəcəkdir.
Regional iqtisadi inkişafda bu gün əldə olunmuş nəticələr və gələcək gözləntilər, iqtisadiyyatımızın gücləndirilməsi ilə yanaşı eyni zamanda milli suverenliyin qorunması və möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır. Ölkəmizin öz iqtisadi potensialını artırmaq və malik olduğu resurslardan daha səmərəli istifadə etmək hüququ, onun suverenliyinin iqtisadi ifadəsidir. Suverenlik, yalnız siyasi müstəqillik deyil, həm də iqtisadi müstəqilliyi təmin edən vacib bir prinsipdir.
Regional inkişaf xəttinin davam etdirilməsi daxili resurslar hesabına ölkəmizin xarici təsirlərdən asılılığını azaldacaq, iqtisadi müstəqilliyin möhkəmləndirilməsinə xidmət edəcək, beynəlxalq münasibətlərdə və ticarətdə mövqeyini daha da gücləndirəcəkdir.
Müslüm CABBARZADƏ,
Naxçıvan Muxtar Respulikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi müavini,
iqtisad üzrə fəlsəfə doktoru, dosent