Nazir : Naxçıvanda 2025-ci ilin ilk 5 ayında bitkiçilikdə 4,5 faiz yüksəliş qeydə alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında aqrar sahə iqtisadiyyatın əsas dayaqlarından biri olmaqla əhalinin məşğulluğunda mühüm rol oynamaqda davam edir. Bu sahənin inkişafına dövlət tərəfindən xüsusi qayğı göstərilir, ardıcıl dəstək tədbirləri həyata keçirilir.

"2025-ci ilin yanvar-may aylarında bitkiçilik məhsullarının istehsalında 4,5 faiz artım qeydə alınıb. Eyni zamanda yazlıq əkin sahələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz genişlənib. Ümumilikdə kənd təsərrüfatı məhsulları muxtar respublikanın ümumi daxili məhsul istehsalının 14 faizini təşkil edir". 

NUHÇIXAN xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib. 

Nazirin sözlərinə görə, kənd təsərrüfatında taxılçılıq xüsusi yer tutur və bu sahədə məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. 2025-ci ilin məhsulu üçün ümumilikdə 17 582,6 hektar sahədə taxıl əkilib. Bunun 8 275,7 hektarını buğda, 9 306,9 hektarını isə arpa təşkil edir. Əkin sahələrinin 14 930 hektarı suvarılan torpaqlardır, 2 600 hektardan çox hissəsi isə dəmyə sahələrdir.

Taxıl biçini prosesinin səmərəli təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyi nəzdində Mərkəzi Qərargah yaradılıb və biçin kampaniyasına 77 ədəd saz vəziyyətdə kombayn cəlb olunub. Şahbuz rayonu istisna olmaqla, bütün rayonlarda artıq taxıl biçininə başlanılıb. Bu günə qədər 2 423,3 hektar sahədə biçin aparılıb. Ən yüksək məhsuldarlıq isə hazırda Şərur rayonunda müşahidə olunur 
– burada məhsuldarlıq 31,2 sentner təşkil edir.

Nazir bildirib ki, kənd təsərrüfatında müşahidə olunan bu yüksəlişlər dövlətin bu sahəyə göstərdiyi davamlı diqqət və dəstəyin nəticəsidir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: