2024-cü ildə Azərbaycanda bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyə 126 milyard manatdan çox olub.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 27 % çoxdur: "Əlavə olaraq 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq məbləği 10 milyard manata yaxınlaşıb. 4 ay ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin məbləği 67 %-dən, sayı isə 91 %-dən çox artıb. Bu isə, ödəniş kartları ilə ölkədaxili edilən hər on əməliyyatdan doqquzunun nağdsız şəkildə həyata keçirilməsi deməkdir"
"Birbaşa bank hesabları üzərindən 24/7 rejimli ödənişlərin emalına imkan verən Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində işlər davam etdirilir. Sistemin əhatə dairəsi, texniki dayanıqlılığı və funksionallığı artırılaraq, istifadəçilərə daha sürətli və rahat ödəniş imkanları təqdim edilir. 2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin eyni dövrü müqayisə edildikdə, AÖS vasitəsilə icra edilən əməliyyatların sayında 40 %-dən çox artım müşahidə edilib. Sözügedən göstəricinin artım dinamikasını yaxından izləyir və növbəti aylarda indikator üzrə müsbət trayektoriyanın davam edəcəyini proqnozlaşdırırıq", - deyə AMB rəsmisi əlavə edib.