AYNA: Vətəndaşlar işğaldan azad olunmuş daha çox şəhər və rayonlara səfər etmək imkanı qazanıblar

A- A A+

2023-cü ilin dekabr ayından etibarən “Yolumuz Qarabağa” portalı vasitəsilə fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsi istiqamətində Azərbaycan vətəndaşları üçün ilk icazələr tətbiq olunmağa başlanıb. Daha sonra portala Laçın şəhərinə səfər imkanı da əlavə olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NUHÇIXAN-a verilən açıqlamada bildirilib ki, ilk dövrlərdə səfərlərlə bağlı kvota tətbiq olunsa da, 2024-cü ilin aprel ayından günlük kvotalar bir çox istiqamətlərdə ləğv olunub.

“Eyni zamanda, 1 ay öncə portala 8 istiqamət üzrə səfərlər də əlavə olunub. Beləliklə, vətəndaşlar işğaldan azad olunmuş daha çox şəhər və rayonlara səfər etmək imkanı qazanıblar. Ötən gün elan olunan yenilik isə ondan ibarətdir ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq istiqamətlərə səfərlər üçün “Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 2 gündən 5 günədək artırılıb. Digər şərtlər dəyişməz olaraq qalır. Belə ki, səfərdən 2 gün öncə icazə əldə olunmalıdır. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər”, - deyə AYNA-nın açıqlamasında bildirilib.

Xatırladaq ki, fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: